Mobil versiya
Yazıçı-publisist Gülzar İbrahimovanın yeniyetmələrə aid tarixi hekayələri
Tarix: 04-06-2025 | Saat: 12:38
Bölmə:Ölkə | çapa göndər

Yazıçı-publisist Gülzar İbrahimovanın yeniyetmələrə aid tarixi hekayələri

Müasir dövrdə - sürətli texniki inkişaf illərində, insanların çoxu kitabdan ayrı düşsə də, uşaqların tərbiyəsində, zehninin inkişafında kitabların – gözəl əsərlərin rolu, əhəmiyyəti böyükdür.

Planşet, telefon nə qədər informasiya, bilgi versə də, uşağa bir əsəbilik stres də verə bilir. O, kitabın verdiyi sakitliyi, rahatlığı verə bilmir.

Valideynlərin köməyi ilə kiçik yaşlı uşaqlar kitabı axtarır, tapır, oxuyurlar. Ən çox da rəngli, nəfis tərtibatlı, müasir uşağın zövqünü oxşayan kitablar sevilir.

Uşaqlardan başqa bu günün gənclərinin də müəyyən hissəsi oxuyur. Kitab sərgilərində bunun şahidi oluruq, kitab mağazalarından keçirilən sorğulardan da məlum olur.

Belə aydın olur ki, kiçiklər üçün də oxumağa kitab var, böyüklər üçün də. Bircə kitabsız qalan yeniyetmələrdir. Bu gün yazıçılarımız yeniyetmələr üçün öyrədici əsərlər yarada bilirlərmi? Yoxsa yeniyetmələrin mütaliə mədəniyyəti xarici ədəbiyyatın ümidinə qalıb. Xarici ədəbiyyat yeniyetmələrimizə nə verə bilər?

Bu baxımdan yeniyetmələrimizə milli dəyərlərimizi, tariximizi, keçmiş adət-ənənələrimizi öyrədən, aşılayan, doğma əsərlər lazımdır.

Nağıl yazanlar sərbəstdir, onlarda nağıl yazmaq bacarığı varsa, istədikləri nağılı asanlıqla yaza bilirlər: Şahlardan, dəvələrdən, karvanlardan, ağ atlı cəngavərlərdən və ya ayıdan, canavardan... Nağıl yazmağı bacaran, az vaxtda bir nağıl yaza bilir.

Amma hazırda yeniyetmələr üçün öyrədici nağıllar, hekayələr yazan varmı?

Əlbəttə, belə öyrədici hekayələri, tarixi nağılları yazmaq çətindir, onun üçün əsas faktları araşdırmağa çox vaxt gedir.

Kitab satışı mağazalarından apardığımız araşdırmalardan məlum oldu ki, satışda yeniyetmələr üçün yerli kitab yoxdur. Ayrı-ayrı kitabxanalardan isə mövzu ilə bağlı yalnız Gülzar İbrahimovanın bir neçə kitabını tapa bildik. Saytlardan isə çoxlu tarixi əsərlərini tapıb araşdırdıq. Yazıçının yeniyetmələr üçün tarixi mövzularla yazdığı kifayət qədər nağıl və hekayələri var.

Gülzar İbrahimova, Azərbaycan Yazıçılar Birliyinin Prezident təqaüdçüsüdür, Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvüdür. H.Zərdabi mükafatçısıdır, “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyin rəhbəridir.

Müəllifin dediyinə görə, hər hansı tarixi nağıl və ya hekayəni yazmaq üçün o, əvvəl həmin mövzunu Azərbaycan ensiklopediyasında tapır, araşdırır, sonra keçir, internet, vikipediya mənbələrinə, daha sonra kitabxanalara üz tutur, saralmış kitabları tapıb araşdırır, nəticədə bir tarixi nağıl və ya hekayə yazır.

Belə tarixi yazıları yazmaq daha böyük bacarıq tələb edir, araşdırma aparmaq üçün çox vaxt sərf edilir.

Gülzar İbrahimovanın tarixi faktlarla yazılmış nağıllları həm süjet xəttinə, dövrünə, həm də baş vermiş hadisələrə görə müxtəlifdir. “Od xəzinəsi” nağılı - Azərbaycanda ilk dəfə neftin tapılmasına həsr edilib. “Bir zalım şah vardı” 130 səhifəlik nağılı - Nadir şah haqqındadır, “Tac Mahal” Hindistan şahının sevdiyi arvadının ölümündən sonra ona həsr etdiyi möhtəşəm Tac-Mahal abidəsi haqqındadır.

“Ən qiymətli hədiyyə” - Məhəmməd Peyğəmbərdən və Müqəddəs Qurandandır, “Ən varlı məmləkət” - Naxçıvan hakimi olmuş Məhəmməd Cavan Pəhləvan haqqındadır, “Zərdüşt” nağılı - adından bəllidir- Zərdüştilik haqqındadır, “Təmraz və Gün” – Qobustan haqqında nağıldır. “Sona bülbüllər” və “Evin kişisi” hekayələri həqiqətən də Xocalı faciəsi zamanı baş vermiş hadisədən yazılıb. “Zəhranın gəlinciyi” Fizülidə baş vermiş faciədən yazılıb. “Gör qurşağı qardaşlarının yeddi nağılı” - bir vaxtlar Gəncədə zəlzələ zamanı bəzi qarətçi gürcülərin çox qiymətli daş-qaşla bəzədilmiş Gəncə qapısının bir tayını oğurlamaqlarındandır. Adından göründüy kimi Yazıçı Gülzar İbrahimova həmin kitabda dünyanın ən maraqlı yeddi hadisəsini qələmə alıb.

daşı” nağılını yazıçı qədimdə insanların daşa səcdə etdikləri haqda tarixi faktlardan yazıb. “Yada daşı” Sehr daşı deməkdi. Qədimdə türk xaqanından, Buğutəkin xaqanın hakimiyyəti dövrünə aiddir. O dövrdə hansı hadisələr baş verib? Nəyə görə insanlar daşa dua edirdilər? Bütün bunları yazıçı gözəlliklə qələmə almağı bacarıb.
“Ana qurbanlığı” hekayəsini Gülzar xanım Çanakkala savaşındakı igid əsgərlərə həsr edib. “Kameranın əhdi” fantastik hekayəsini xalqın qorxmaz jurnalisti Çingiz Mustafayevə həsr edib.

Belə əsərləri Yazıçı xanım o qədər həssas, maraqla qələmə alır ki, yeniyetmə yaşlar üçün nəzərdə tutulan əsərlər həm kiçik, həm də böyük yaşlılar üçün maraqlı olur.

“Mən böyüdüm, sən də böyü”, yeniyetmələr üçün yazdığı povesti yazıçı elə məharətlə qələmə alıb ki, əsər oxucusuna çox dəyərli xarakterlər aşılayır. Gülzar İbrahimova bu povestdə öyrədir: Çətin anda təmkinli olmaq, dostun, dostluğun qədrini bilmək, ata-ananı sevmək, qədrini bilmək, yaxşılığa görə minnətdar olmaq, gördüyün işə can yandırmaq, onu həvəslə, vicdanla görmək, ən əsası Vətəni sevmək və Türkiyə-Azərbaycan dostluğu.

Yazıçı bir uşaq povestinə bütün insani keyfiyyətləri cəmləyib. Əsəri sona qədər həyəcansız oxumaq mümkün deyil.

Ümumiyyətlə Gülzar İbrahimova tarixi əsərlərində elə maraqlı bir süjet xətti qurur ki, onu dayanmadan, birnəfəsə oxumaq istəyirsən. Oxuduqca da, yeni bir əsərini axtarırsan ki, yenə oxuyasan. Bu o deməkdir ki, uşaqların sevimli Gülzar nənəsi qələmi ilə oxucusunu ovsunlayır.

Gülzar İbrahimova tez-tez oxucuları ilə görüşür, onlarla həmsöhbət olur. Dediyinə görə, oxucu fikri onun üçün önəmlidir.

Yazıçının fikrincə, hər bir tarixi abidədən və ya tarixi hadisədən nağıl və ya hekayə yazmaq olar. “Təmraz və Gün” nağılını nağılçı Qobustanın tarixindən yazıb. O dövrdə hansı tayfalar yaşayıb Qobustanda? Onlar nəyə səcdə ediblər? Həmçinin qədimdə İran qoşunlarının işğalçılıq məqsədilə dənizlə, gəmilərlə ölkəmizə hücumu haqda da oxucuya məlumat verilib. Nağılın qəhrəmanı Təmraz igidliyi nəticəsində işğalçıları məğlub edir.

Əlbəttə, nağılda qəhrəmanlar nağılçı tərəfindən, uydurulur ki, nağıl şirin alınsın. Alınır da... O, nağıl yolu ilə həm tarixi qoruq-abidə və ya tarixi hadisə haqda danışaraq baş verənləri nağıl yolu ilə oxucuya öyrədir. Oxucuya belə yanaşma böyük istedad tələb edir. Belə bacarıq, istedad da tarixi əsərlərindən göründüyü kimi Gülzar xanımda var.

Yazıçının “İlham və Fərizə” nağılı 20 Yanvara aiddir. Nağılçı hər hansı hadisəni keçmişə atıb onu ustalıqla nağıllaşdıra bilir. “İlham və Fərizə” nağılını oxuyan öyrənir ki, türkün dostu, yalnız türk ola bilər. Bu tarix boyu belə olub. Biz buna inanmalıyıq ki, “20 Yanvar”, “Xocalı”, “Gəncə” kimi qara tarixlər təkrar olmasın.

Yazıçı hazırda Azərbaycanın böyük sərkərdəsi Şah İsmayıla aid etdiyi tarixi nağılını tamamlamaq üzrədir.

Belə əsərlər maariflənmə üçün öyrədici vəsaitdir. Belə əsərlərin dərsliyə salınması çox vacibdir. Hazırda bütün dünya yeni təhsil sisteminə keçid etməkdədir. Bu “Əylənərək-öyrənək” metodudur ki, tarixi əsərlərin nağıllaşdırılması bu metodlardan biridir. Uşaq beynini yükləmədən, hekayə yolu ilə tarix öyrətmək.

Gülzar İbrahimovanın dünya tarixinə aid də nağıl, hekayələri çoxdur. Onlar keçmişdə baş vermiş hadisələrdəndir.

Yeniyetmələr üçün nəzərdə tutulmuş “Çirkin qul” hekayəsi 5-6 sinif şagirdləri üçün nəzərdə tutulub. O dövrdə ki, tez-tez işğalçı müharibələr baş verir, dinc insanları tutur işlədir, istəmədiklərini isə ölkələrinə aparıb qul kimi satırdılar. Belə bir zamanda bir tacir yüzlərlə qul alır. Qulların arasında, arıq, çəlimsiz bir uşaq olur, heç kəs onu almır. Satanın əlacı kəsilir, bir tacir çox qul alanda bu arıq qulu da ona bəxşiş edir. Tacir istəməsə də, pulsuzdu deyə, onu götürür.

Səhra ilə qulları aparanda yolda çirkin qul halsızlıqdan neçə dəfə yıxılır. Tacir bir gün bu qulu vəzirə pay verir. Qul böyüdükcə vəzirdən iş öyrənir, gecələr yorğun olsa da, kitablardan hərf öyrənir, oxuyur. Nağıl isə belə bitir ki, çirkin qul böyüyüb Atabəylər Dövlətinin banisi Şəmsəddin İldəniz olur.

Tarixi faktlara əsaslanıb yazdığı “Çin hekayəti”- ni müəllif Karonavirus dövründə yazıb. Hekayə yeni olsa da, hadisələr 100 il bundan əvvəl Çində baş verib. Təbiətin qorunmasına aiddir. Hekayə təbiət balansını pozmaq olmaz deyə, dünyaya, insanlara bir məsaj verir. Yeniyetmələr üçün nəzərdə tutulsa da, bütün yaşlara maraqlıdır. O dövrdə Çində nələr baş verib. Çin hökuməti təbiətlə bağlı necə səhv qərar verib ki, nəticədə milyonlarla insan aclıqdan ölüb.

Gülzar İbrahimova yaradıcılığında bədii araşdırmaların da böyük əhəmiyyəti var. O, Nizami Gəncəvi yaradıcılığını araşdıraraq çoxdan yaranmış ciddi bir mübahisəyə son qoymağa çalışıb. Mübahisənin sualı belədir: “Nizami Gəncəvi əsərlərini hansı dildə yazlıb?”. Sualın cavabını Gülzar İbrahimova publisistik məqaləsində sualın cavabını faktlarla yazıb. “Nizami Gəncəvinin bir çox əsərlərinin fars və ərəb dillərində yazmağının əsas səbəbi” Yazıçı öz araşdırmasında yazır:

Böyük ədib, dahi Nizami Gəncəvi öz dövründə niyə doğma dili türk dilində yox, fars və ərəb dillərində yazırmış. Bu suala onun öz əsəri ilə cavab versək, daha dəqiq olar.

Bu səbəbi Ədib "leyli və Məcnun" əsərində "Kitabı yazmağa başlamasının səbəbi"ni yazarkən özü etiraf edib.

Günlərin bir günü Nizami Gəncəvi əhvalının xoş vaxtında istəyir elə bir divan yazsın ki, hamını heyran etsin. Bu zaman onun qapısına şahın elçisi gəlir, şahdan məktub gətirir.

Bu zaman bir elçi gəldi eyvana,
Şahın məktubunu gətirdi mana.

Şah məktubunda yazırdı:

"Ey söz dünyasına hakim Nizami,
Qulluğa məhrəmsən tut ilticamı.
İstərəm Məcnunun böyük eşqinə
Bir söz xəzinəsi açasan yenə.
Şah əsərin mütləq fars və ərəb dillərində yazılmasını belə vurğulayırdı:

Bu təzə gəlinə, çəkəndə zəhmət,
Fars, ərəb diliylə vur ona zinət.
Məktubun sonunda şah Nizaminin doğma dili olan türk dilini alçaldır, təhqir edir, fars və ərəb dilini yüksəyə qaldırır:

Kamal cövhərinin xəzinəsindən,

Gör kimin sapına inci düzürsən.

Türk dili yaramaz şah nəslimizə,
Əskiklik gətirər türk dili bizə.
Yüksək olmalıdır bizim dilimiz,
Yüksək yaranmışdır bizim nəslimiz.

Böyük ədib şahın məktubunun bu sətirlərini oxuyarkən şahın həyasızlığından beyninə sanki qan vurduğunu belə təsvir edir:

Qulluq halqasına düşdü qulağım,
Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçam.
Nə də gözüm vardı, xəzinə açam.


Bununla, şairin səmimiliyindəndir ki, əmrin qarşısında aciz olduğunu etiraf edir:

Ömrüm viran oldu, solub saraldım,
Bu əmrin önündə cavabsız qaldım.

Oğlu Məhəmməd görür atası qəm dünyasına qərq oldu, atası ilə danışır və ata bir az sakitləşir. Məhəmmədin sözləri ataya təsəlli olur:

Qəlbimdə can kimi əzizim olan,
Məhəmməd Nizami oğlum bu zaman,
Dedi: "Ey göylərə meydan oxuyan,
"Xosrovi-Şirini" yazıb yaratdın,
Hər duyan könüldə bir zövq oyatdın.
Leyli-Məcnundan da yarat bir əsər,
Cüt olsun yazdığın qiymətli gövhər.
O zaman gənc Məhəmməd dövrün, zamanın tələbini başa düşür, Şirvanşahların gücünü də haqsızlığını yaxşı dərk edirdi.

Bir də ki, Şirvanşah, o baş hökmüdar,
Şirvana, İrana olmuş şəhriyar.
O rütbə verəndir, nemət verəndir,
Şerə, sənətə də qiymət verəndir.
O səndən bir əsər edir iltimas,
Sən də hünər göstər o əsəri yaz".

Çətinliklə əsəri yazmağa razılaşan Nizami oğluna başa salmaq istəyr ki, şairə təzyiq olmamalıdır. Onda gözəl əsər yaranmaz. İlham, təb özü gəlməlidir.


Kədərlə, zəncirlə bağlansa dastan,
Sözlər çılpaq olar, can sıxar, inan.
Onu həddən artıq bəzəsən əgər,
Dastanın üzünə ləkələr düşər.

ilhamsız yazılan əsəri şair belə təsəvvür edir:


Qumsala, daşlığa ilham gedərmi?
Getsə də, torpağa təsir edərmi?

Məhəmməd atasından gözəl bir sevgi əsəri yaratmağı xahiş edir:

Yarat, bu dastanı, rəngli, boyalı,

Qoyma ki, süstləşə, nəzmin xəyalı.

Hardaki eşq əli bir süfrə açar,

Bu gözəl hekayə ona duz saçar.

Nizami Gəncəvi oğlunun sözlərindən ilhamlanır, "Leyli və Məcnun" kimi bir ədəbi xəzinəni yaratmaq qərarına gəlir:

Yenə də öz oğlum dinlədi məni,

O açdı üzümə bu xəzinəni.

Danışıb qurtardı o ciyərparam,
Onun xatirinə söz aldı ilham.

Oğlunun sözlərindən təsirlənən şair, qələmi əlinə alır,beləliklə, dünya xəzinə incisi "Leyli və Məcnun" yaranır.

Ədəbi araşdırmanın sonluğunu Gülzar İbrahimova belə bitirib: “Dahi ədibin hansı dili daha çox sevdiyini araşdırmağa heç bir lüzum yoxdur. "leyli və Məcnun" əsərində "Kitabı yazmağa başlamasının səbəbi"ni oxuyarkən bizə hər şey su kimi aydın olur. Aydın olur ki, Sevimli şairimiz Nizami Gəncəvi öz doğma dili olan türk dilini sevib, türk dilində yazıb. O dövrün tələblərinə uyğun olaraq isə fars və ərəb dillərində yazmaq məcburiyyətində qalıb.

Neçə yüz illər bundan öncə yaşayıb-yaratdığına baxmayaraq, hansı dildə yazmağından asılı olmayaraq, Nizami Gəncəvi bu gün də sevimli DÜNYA ŞAİRİDİR”.
Maarifləndirilmə yolunda böyük işlər görən Gülzar xanımın, təsisçisi olduğu İctimai Birliyin adı ilə tam uyğundur. “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi! Hazırda Yazıçı böyük qürur hissi ilə Xocalı, Füzuli və Laçındakı oxucularının görüşünə hazırlaşır. Ona uğurlar arzu edək. Qələmi iti olsun, biri-birindən şirin nağıllar yazsın və arzu edək ki, bir gün doğulduğu Zəngəzurun Mehri rayonunda da oxucuları ilə görüşsün!

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kiçik dünya uşaqların maarifləndirilməsinə kömək” İctimai Birliyi tərəfindən icra olunan “Füzuli, Xocalı, Laçında uşaqlarla görüş” layihəsi çərçivəsində hazırlanmışdır.

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025