Mobil versiya
Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır
Tarix: 05-06-2025 | Saat: 15:04
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır

Bu günlərdə bütün dünyanın diqqəti yenidən Azərbaycanın paytaxtına yönəlib. Belə ki, sayca artıq 30-cu olan “Bakı Enerji Həftəsi” yenidən enerji rəsmilərini, aparıcı şirkətləri, biznes dairələrini, ekspertləri bir araya gətirib. Dünyanın, xüsusilə Avropanın hazırda enerjiyə ehtiyacı daha çoxdur. Bu gün enerji təminatı həm də milli təhlükəsizlik üçün önəm kəsb edir. Bu mənada “Bakı Enerji Həftəsi” artıq təkcə neft-qaz hadisəsi kimi deyil, ümumilikdə geoiqtisadi məsələləri əhatə edən mühüm və hər kəsin gözlədiyi bir tədbirə çevrilib. Builki foruma 39 ölkədən 267 şirkət qatılıb. Böyük Britaniya, ABŞ, Norveç, Yaponiya, Finlandiya, Sinqapur, Türkiyə, Gürcüstan, Qazaxıstan, Almaniya və BƏƏ-dən nümayəndə heyətləri tədbirlərdə iştirak edirlər.
Ötən illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər arasında mühüm hadisələrdən birinə çevrilib.

Azərbaycan dünyanın enerji siyasətində, enerji təhlükəsizliyində təkcə ənənəvi enerji ilə deyil, həm də yaşıl enerji potensialı ilə mühüm oyunçuya çevrilir. Prezident İlham Əliyevin 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışında söylədiyi kimi, ölkəmizin yaşıl enerji gündəliyi çox genişdir: “Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər, məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir”.
Dövlət başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
Ümumiyyətlə, yaşıl enerjiyə keçid Azərbaycanda enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq aparılan islahatların əsas məqsədidir. Ölkəmiz 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq və enerji istehsalında bərpaolunan mənbələrin payını 2030-cu ilə qədər 30 faizə çatdırmaq kimi mühüm məqsədlər müəyyən edib. Bu məqsədə çatmaq üçün günəş, külək və bioenerji kimi mənbələrin istifadəsi artırılır. Xüsusilə, azad edilmiş ərazilərdə böyük yaşıl enerji layihələri reallaşdırılır. Bərpaolunan enerjidə Azərbaycanın texniki potensialı quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Bütün bu amillər, Azərbaycanın malik olduğu böyük potensial ölkəmizi əməkdaşlıq üçün daha cəlbedici edir.
Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakı Enerji Həftəsi yeni texnologiyalarının şirkətlər tərəfindən təqdim edilməsi və bu sahədə dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə də imkan yaradır. Bu baxımdan Bakı Enerji Həftəsi regional və qlobal əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın bu sahədəki potensial və imkanlarının təqdim olunması üçün önəmli rol oynayır.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025