Mobil versiya
Göyçənin dəli balası Məlahət İsmayılqızının “Göyçə ədəbi mühitinin şah beyti Dədə Ələsgər” kitabı haqqında düşüncələr
Tarix: 08-07-2025 | Saat: 08:26
Bölmə:Manşet / Ölkə / Özəl / Qərbi Azərbaycan / Yazar2 | çapa göndər

Göyçənin dəli balası Məlahət İsmayılqızının  “Göyçə ədəbi mühitinin şah beyti Dədə Ələsgər”  kitabı haqqında düşüncələr

Qarşımda bir kitab var. Ürək döyüntüləri, həyəcan, sevgi, ulu saza, sözə dərin məhəbbət, Dədə Ələsgər ruhuna sonsuz sayğı ilə yazılmış bir kitab. Hər sətrində bir yanğı, hər cümləsində bir ağrı duyuram. Kitabı vərəqlədikcə, misra-misra oxuyub ruhuma hopdurduqca başqa bir dünyaya, əsrarəngiz bir aləmə yol alıram. Hansı ki o aləmdə sözün qüdrətindən qiymətinə qədər bəllidir. Orda söz bulaq kimi çağlayır, sazın səsi çeşmə şırıltısı, ana laylası kimi könül oxşayır.

Şair-publisist Məlahət İsmayılqızının ürəyindən qələminə süzülən, inci kimi sətirlərə düzülüb nəfis bir kitab halına gələn səmimi, şirin ləhcəli duyğularının toplandığı “Göyçə ədəbi mühitinin şah beyti Dədə Ələsgər” son dövr ədəbi publisistikamızın qiymətli nümunələrindən biridir.
“Göyçə adlı ilahi sevgi, Mən belə Göyçəyəm” kitabından sonra Dədə Ələsgər yaradıcılığına üz tutan Məlahət xanım aşıq-ozan ədəbiyyatımızın nadir şəxsiyyəti, sözün qüdrət qalası, sazın sahib-zamanı Ələsgəri misra-misra, bənd-bənd təhlil edir, hər təhlilində orijinal fikir söyləyir. Müəllif aşiq və aşığın, sufi dərvişlərin cezv məqamına qədər yüksəlir, maddi dünyanı unudaraq Dədə Ələsgər dünyasında ümmanlara dalır.
Dədə Ələsgər dünyasına baş vurmağın hünər və cəsarət tələb etdiyini etiraf edən Məlahət yazır: “Bu dünyaya baş vurmaq hünər istər, elə ki baş vurdun, onun əsiri olacaqsan! Bir Gözəllik Aşiqi Ələsgər Dədəmiz, Gözəlin Aşiqi Aşıq Ələsgər, bir nurani-pirani hikmət yiyəsi Müdrik Ələsgər.”
Aşıq Ələsgər yaradıcılığını Türkün aşıq sənətinin fəlsəfəsi adlandıran müəllif hər beytində, hər misrasında dərin mənalar ehtiva edən bu böyük şəxsiyyətin sənəti qarşısında heyrətə gəlir, aşığın poetik dünyasının zənginliyinə heyran olur.
Ən maraqlı məqam isə müəllifin Şah Beyt axtarışının sonunda gəldiyi qənaətdir: ”Şah Beytlər deyərək tərənnüm etdiyimiz qoşması, gəraylısı, təcnisi, divanisi və. s. yaradıcı aləmindən hikmət yağan, folklora söykənən həm məntiq və fəlsəfənin parlaq nümunəsi olan, öz əsrarəngiz yaradıcılığı ilə ruhları yerindən oynadan, bərraq şəffaflığından gözlər qamaşan Aşıq yaradıcı ruhu hələ bizləri çox düşündürəcək.”
XII əsrdən başlayan Göyçə aşıq məktəbinin təşəkkül dövrünü özündən əvvəlki tədqiqatçılar kimi 3 mərhələyə bölən Məlahət İsmayılqızı Kərkibaşlı Ağ Aşıq Allahverdi ilə başlayan birinci mərhələdən ta inkişafın zirvəsinə qalxan, dədələşən Dədə Ələsgərə qədər sadaladığı adların hər birinin özünəməxsus söz, sənət adamı olduqlarını dönə-dönə vurğulayır və bunları Tanrının, İlahinin qüdrətindən Göyçəyə pay olduğu, ərməğan verildiyi qənaətinə gəlir və bunu öz oxucusuna inandıra bilir.

Məlumdur ki, publisistikanın məqsədi həyatı əks etdirmək, tədqiq etmək, onun haqqında kütləni düşündürərək inandıracaq formada danışmaqdır. Bu qanuna əməl edən müəllif tamamilə yeni və orijinal üslubda danışır, oxucu hər sətri oxuduqca onun səsini eşidirmiş kimi poetik bir aləmə səyahətə çıxır. Bəli, yanlış anlamadınız, məhz poetik səyahətə. Çünki hər abzasda bir poetika var. Bu da çox yəqin ki Məlahət İsmayılqızının şairliyindən, Dədə Ələsgər sözünə, sənətinə vurğunluqdan irəli gəlir. Çünki tez-tez aşığın yaradıcılığna istinad edən, onun ölməz misralarından misallar gətirən müəllif bəlkə də fərqinə varmadan qanadlı misralarıyla poetik publisistika nümunələri yaradır. Bir nümunəyə diqqət edək. Aşıq Əlsəgərin
Könlüm ürək dərdli, vərəmli,
Səni gördüm səxavətli, kərəmli,
Bir mirzə lazımdı əli qələmli,
Mən deyim vəsfini yaza, Müşgünaz
!
bəndini misal gətirən müəllif yazır: “Azərbaycanın-Göyçə gözəllərinin simvoludur Dədə Ələsgərin zəngin yaradıcı xəzinəsi, qız-gəlinlərin minbir məhəbbətlə vəsfi-tərənnümü. Və elə bu vəsflərlə də huri-qılman xilqətində yaranan gözəlliyin özü Kəbə, Qiblə deyərək müqəddəs məkanlara bənzədilir. Onun üçün sevdiyi müqəddəs, qutsal, ali xislətə layiq deyilərək təqdim olunur.
Üç böləmədən ibarət olan kitabda birinci bölmə Göyçə saz-söz sənətinin inkişaf yolundan, Aşıq ələsgərin sələflərindən bəhs edir. Həmin bölmədə Göyçə sənət məktəbinin, saz məktəbinin yarandığı mühit təhlil edilir, ələsgərəqədərki dövrün təlatümləri, folklorun intişarı və inkişafı mərhələ-mərhələ süzgəcdən keçirilir. Müəllif hər nə qədər saza, sözə bağlıdırsa, bir o qədər geniş mütaliəlidir. Təkcə öz fikirlərini yox, Göyçə ədəbi mühitinin mahir biliciləri olan ustadlardan, alimlərdən yeri gəldikcə sitatlar gətirir və fikrini bu sitatlarla möhkəmləndirir. Oxucu da görür ki, Məlahət İsmayılqızı Günəşin var olduğu həqiqəti kimi özündən əvvəlki alim, şair, yazıçı, ozan, tədqiqatçı fikirlərindən bəhrələnir, öz yaradıcılığında bu fikirlərə istinadən özünün fəlsəfi baxışlarını ortaya qoyaraq ayrı bir rakursdan- poetik publisistika rakursundan baxır Dədə Ələsgər yaradıcılığına...


Aşıq Ələsgər yaradıcılığının Göyçə ədəbi mühitinə, eləcə də saz-söz sənətinin gələcək taleyinə tədsirinin təhlili, dədənin ictimai-siyasi hadisələrə münasibətinin zaman və məkan baxımından dəyərləndirilməsi, tarixi şəxsiyyətlərin, şəxsi hətyatın və dövrü-zamanın Aşığın yaradıcılığına, eyni zamanda yaradıcı dünyasına təsiri yaradıcı süzgəcdən keçir. Aşıq Ələsgərdən Dədə Ələsgərə gedən yolun ta əzəlindən axırına kimi müəllif bir ayrı dünyada olur.
Ələsgərdən “ həm aşığam, həm dərvişəm, həm dəli” misrasını misal gətirən müəllif özü də bilmədən İlahi cezv məqamına qədər gedib çıxır, dəlilik məqamında ayaq saxlayıb saflaşır, dərvişləşir. Bax budur Ələsgər sözünün qüdrəti! Bu o dəlilikdir ki, dahi M.Füzuli “Pənbeyi daği-cünun içrə nihandır bədənim, Diri olduqca libasım budur, ölsəm kəfənim” deyərək bəşəriyyəti İlahi Eşqin mahiyyətini dərk etməyə, anlamağa çağırırdı. Bu əslində cünunluqdur, İlahi Eşqdən doğan bəşəri sevginin insanda inikasıdır. Ələsgərin dərvişliyindən dəliliyinə qədər söz süzgəcindən, fikir ələyindən keçirən Məlahət dəliləşir, cünunlaşır və o mərtəbədən bilmərrə enmək istəmir və düz də edir. Çünki o mərtəbəyə qədər gedib çıxan birinin birdən-birə söz sərxoşluğundan ayılması, saz yanğısından aralanması sözün həqiqi mənasında dəliliyə səbəb olar və şükür ki, Məlahət xanım hələ də ruhən o mərtəbədə qalmaqda davam edir və varlığı ilə ətrafındakı insanlara Ələsgər fəlsəfəsinin, ələsgər şeriyyatının dadını-tamını anlada-anlada bir Dəli Dərviş ömrü yaşayaır.
Aşıq Ələsgər Məlahət xanımın dünyasında Sevginin simvoludur. O sevgi ki, insanı kamilləşdirir, o sevgi ki insanı bəşəri duyğulardan ilahi duyğulara qədər yüksəldir. O sevgi Səhnəbanu sevgisidir. O sevgi Ələsgərin varlığını titrədib İlahi Eşqlə bəşəri duyğuların xəlitəsindən yoğrulmuş, sazın simində, sözün dilində agah olmuş və olacaq bir Tanrı lütfüdür, fitri istedadın təcəllasıdır.
Üçüncü bölmədə tədricən, asta-asta, həm də ustalıqla cezv məqamından real aləmə qədəm qoyan Məlahət İsmayılqızı Dədə Əlsəgərin fiziki yoxluğundan çağdaş dövrümüzə qədərki mərhələdə Göyçə ədəbi mühitinə Ələsgər sözünün, Ələsgər fəlsəfəsinin, Ələsgər eşqinin təsirini təhlil edir, oxucuda belə bir qənaət hasil edir ki, Əlsgər sözü, sənəti bəşəriyyət mövcud olduqca nur saçacaq və bütün zamanlarda könüllər oxşayıb fəth edəcəkdir!
Bütün qənaətləri ilə bərabər müəllif Dədə Ələsgərin və xələflərin yaşadığı qaçqınlıq, didərginlik ağrılarını ürəyində daşıya-daşıya eyni halları keçirə-keçirə bu günlə səsləşən misralara, deyimlərə üz tutur, bu böyük Övliyanın zamanında dediklərinin real həqiqət olduğunu xatırladır, göz yaşlarını içinə axıdıb toxtayır. Toxtayırmı? Əslində bu sözü özümə və müəllifə təsəlli üçün yazdım.

...Və nəhayət, “Göyçə ədəbi mühitinin Şah beyti Dədə Ələsgər” kitabını oxuduqdan sonra gəldiyim qənaəti oxucularla bölüşrəm:
1. Məlahət İsmayılqızını ilk gördüyümdə gözlərindəki insanın içini, ruhunu bürüyən, kipriklərinin arasından fışqırıb ətrafa, ətrafdakılara bir istilik, bir ruhani rahatlıq gətirən işığın qaynağını tapdım. Bu qaynaq Dədə Ələsgərin söz mülkündən saz dünyasından bəhrələnib Dərvişlik və Dəlilik məqamında qərar tutmaqdır.
2. Məlahət İsmayılqızı Dədə Ələsgər yaradıcılığını, eləcə də saz, söz sənətini mükəmməl bilir, ən incə məqamları belə diqqətdən qaçırmadan, aramla və səbirlə Ələsgər Eşqinin fəlsəfəsini təhlil edir.
3. Zaman və məkan kateqoriyasına sığmayan İlahi Eşqin fəlsəfəsini, mahiyyətini bilən müəllif hər isranı içində yaşadır, ağıl və fikir süzgəcindən keçirib məna və mahiyyətinə varır, Ələsgəri Ələsgər eləyən Tanrıya şükranlarını sunur.
4. Dədə Ələsgər haqqında çürük sovet -bolşevik təfəkkürünün bütün məhsullarının zay olduğunu isbat edir, Ələsgərin, onun şeriyyatının İlahi sevgiylə bəşəri duyğuların xəlitəsi olduğunu anladaraq bütün zamanlar üçün keçərli olduğu həqiqətinə qədər gedib çıxır.

Yazını burda saxlayıram, Niyəsini deyimmi? Mən bütün qənaətlərimi yazsam oxucunun o gözəl kitabını oxumasına hacət qalmaz deyə... Həm də bunlar mənim qənaətimdir. Kim Ələsgər ruhunu Məlahət İsmayılqızı təbirində duymaq, dərk eləmək istəyirsə, bir zəhmət, kitabı oxusun.
Elə bu qənaətlə də dəyərli qələm əhli, söz adamı olan Məlahət İsmayılqızına sazın-sözün sehrində, dəlilik məqamında qalmağı, sözünü iç dünyasındakı nurlu sətirlrə düzərək bəşərin malına çevirməsini arzu edirəm.

Şəmsi Qoca


P.S. Gəlmişkən deyim ki, Məlahət dəlidir, Ələsgərsayağı dəli. Bir var sadəcə dəli, bir də ki dəli Dəli. Bax o, ikincisindəndir. Dərd burasıdır ki Göyçənin bu dəli balasının yazdıqlarını oxuyub da dəli olmamaq mümkün deyil. Kimsə eynən Dədə Əlsgərin şeirlərini, eləcə də Məlahətin Ələsgər duyğularını, Ələsgərli misralarını oxuyub dəli olmayıbsa, dəlilik mərtəbəsinə yüksəlməyibsə bu artıq o adamın öz problemidir. Beləcə düşünə-düşünə dəyərli qələm dostumuza ünvanlanmış sözlər misralara düzülüb şeirə çevrildi.

Ay dəli, Dəli

Gündüz təndirində bişib Günəşin,
Gecələr nur saçır Ay, dəli, dəli.
Sanki novbahardı gəlir qarqara,
Çıxır məcrasından çay, dəli-dəli.

Yandıran atəş də, yanan şam da sən,
De bir, nəyi tapdın bu yasamda sən?
Dayanıb durmusan bir məqamda sən,
Göndər bizlərə də pay, dəli, dəli.

Göyçənin gözləri göyçək balası,
Dağların ətirli çiçək balası.
Bəsdir, bu inaddan əl çək, balası,
Oldunmu Məcnuna tay dəli, dəli?

Anlasan dili var, bil ki gülün də,
Çöldəki daşın da, közdə külün də.
Cünunluq eşqiylə igid əlində,
Çəkilsə daş dələr yay, dəli, dəli.

Dərvişsənsə gey xirqəni, gəl, gedək,
Ələsgərdən götür inci, ləl, gedək.
Həqq məndədir, desin ya hu, dil gedək,
Olaq ərənlərə tay dəli, dəli.

Heyif, tez ötürdük boşa, illəri,
Olmadı bizlərdə Əlsgər səri.
Onun cərgəsində biz səfilləri,
İmkanın var isə say dəli, dəli

Sözə can vermisən canım sözdədir,
Əhdim, eşqim, din-imanım sözdədir.
Əcəl gəlsə bil, amanım sözdədir,
Öldürmə Şəmsini ay dəli, Dəli!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə