Mobil versiya
Genişmiqyaslı quruculuq işləri
Tarix: 25-08-2025 | Saat: 17:19
Bölmə:Siyasət | çapa göndər

Genişmiqyaslı quruculuq işləri

Azərbaycanın ən gözəl bölgələrindən biri olan Laçın şəhəri, 26 Avqust – Laçın şəhəri günü ərəfəsində mühüm mədəni və infrastruktur layihələrinin gerçəkləşməsi ilə yadda qalır. 2023-cü ilin avqustun 25-də Laçın rayonunda ölkənin mədəni həyatında yeni bir səhifə açan layihə – “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun rəsmi açılışı baş tutdu. Bu genişmiqyaslı layihə Qarabağ regionunun zəngin tarixini, mədəniyyətini və təbii gözəlliklərini əks etdirmək üçün nəzərdə tutulmuş çoxşaxəli yaradıcılıq məkanı kimi fəaliyyət göstərəcək. “Hoçazfilm” studiyası iki inzibati bina və bir çəkiliş pavilyonundan ibarətdir. Adını Laçın rayonunun simvolik təbiət möcüzələrindən biri olan Hoçaz qayalıqlarından götürən bu studiya, regionun həm işğal, həm də işğaldan sonrakı bərpa dövrünü sənədləşdirmək üçün mühüm platforma olacaq. “Hoçazfilm” studiyasının yaradılmasında əsas məqsəd Qarabağın vizual salnaməsini formalaşdırmaq, həm yerli, həm də beynəlxalq media orqanlarına və film istehsalçılarına regionda peşəkar səviyyədə çəkiliş imkanları yaratmaqdır. Studiya gələcəkdə regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək, burada hazırlanan kontent isə Laçın və ümumilikdə Qarabağın mədəni, tarixi və ictimai həyatını əhatə edəcək. “Hoçazfilm” studiyası regiona gələn yerli və xarici film istehsalçılarına lokasiya seçimi, bələdçilik, texniki avadanlıq təminatı və digər logistika xidmətləri təqdim edəcək. Bu, Qarabağ bölgəsinin beynəlxalq film və media layihələrinə inteqrasiyasını sürətləndirəcək, həm də regionun tanıdılmasına töhfə verəcək. Eyni zamanda studiya, yerli və xarici media qurumları, dövlət təşkilatları, kinostudiyalar və özəl sektor nümayəndələri ilə əməkdaşlıq əsasında müxtəlif janrlarda audiovizual məhsullar istehsal edəcək. Laçın şəhəri, uzun illər işğal altında qaldıqdan sonra sürətlə dirçəlir və mədəni həyatın canlandırılması istiqamətində mühüm addımlar atılır. “Hoçazfilm” studiyasının açılışı da bu istiqamətdə atılan mühüm və simvolik addımlardan biridir. Laçının zəngin təbiəti, tarixi irsi və mədəni mühiti, artıq yalnız Azərbaycanın deyil, regionun və dünyanın diqqət mərkəzinə çıxarılır. Laçın şəhəri günü münasibətilə istifadəyə verilən “Hoçazfilm” studiyası təkcə bir mədəniyyət ocağı deyil, həm də Qarabağın yenidənqurma və inkişaf prosesinin simvoluna çevrilməkdədir. Bu layihə, regionun bərpasına yeni nəfəs gətirir, Laçının mədəni və yaradıcılıq potensialını reallaşdırmaq üçün əhəmiyyətli platforma rolunu oynayır.

Ayşən Soltanlı
YAP Laçın rayon təşkilatının 33 saylı ƏPT-nin sədr müavini
Laçın rayon 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-08-2025