Mobil versiya
Dövlət Suverenliyinin təntənəsi və Qalib Azərbaycanın yeni erası
Tarix: 17-09-2025 | Saat: 15:22
Bölmə:Siyasət | çapa göndər

Dövlət Suverenliyinin təntənəsi və Qalib Azərbaycanın yeni erası

Azərbaycan tarixində 20 sentyabr – Dövlət Suverenliyi Günü sadəcə bir təqvim hadisəsi deyil, əsrlər boyu aparılan mübarizənin, xalqımızın sarsılmaz iradəsinin və dövlətçilik idealının təntənəsidir. Bu gün Azərbaycanın tam suverenliyə qovuşmasının rəmzi olaraq milli yaddaşımıza həkk olunmuş, dövlətçilik tariximizdə dönüş nöqtəsi kimi xüsusi yerini almışdır. Bu tarixi mübarizə xalqın sarsılmaz iradəsini bir daha dünyaya göstərdi. Azərbaycan xalqı əsrlər boyu müstəqillik, azadlıq və dövlətçilik uğrunda mübarizə aparmışdır. İşğallar, soyqırımlar, məhrumiyyətlər xalqımızın iradəsini sınasa da, onu heç vaxt sındıra bilməmişdir. XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan, qarşılaşdığı ağır sınaqlara baxmayaraq, dövlətçilik yolundan dönmədi. 30 ildən artıq davam edən işğal, beynəlxalq hüququn pozulması və ədalətsizliyin hökm sürdüyü bir dövrdə belə xalqımız öz torpaqlarına, milli iradəsinə və müstəqilliyinə sahib çıxmaq əzmindən dönmədi.
Bu tarixi iradəni gerçəkliyə çevirən isə müasir dövrdə cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və dəmir iradəsi oldu. 2003-cü ildən etibarən Azərbaycan dövlətinin bütün sahələrdə gücləndirilməsi, ordunun müasirləşdirilməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi bu böyük qələbənin təməlini qoydu. 44 günlük Vətən müharibəsi, ardınca 2023-cü ilin antiterror əməliyyatı Azərbaycan tarixində suverenliyin tam bərpa olunması ilə nəticələndi. Bu hadisələr yalnız hərbi qələbə deyil, həm də beynəlxalq hüququn bərpası, xalqımızın milli qürurunun ən yüksək zirvəsi oldu. Qalib Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan öz gücünü dünyaya nümayiş etdirdi. Dövlət suverenliyinin təmin olunması həm də strateji nailiyyətdir. Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlar, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri boyunca suveren nəzarətin təmin olunması, separatçı rejimin süqutu – bütün bunlar dövlət suverenliyinin tam bərpasına aparan mərhələlər oldu. Bu gün artıq Azərbaycanın ərazilərində qanunsuz silahlı birləşmələr mövcud deyil, separatçı qüvvələr tarixə qovuşub. 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı isə suverenliyin tam təmin olunmasının son nöqtəsi oldu. Cəmi bir gündən az davam edən bu əməliyyat nəticəsində separatçılığın kökü kəsildi, konstitusiya quruluşu bütün ərazilərimizdə bərpa edildi. Bu, Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ – tam suverenlik dövrünün başlanğıcıdır. Dövlət Suverenliyi Gününün təsis olunması isə qələbələrimizi əbədiləşdirdi. Cənab Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi xalqımızın milli yaddaşında bu tarixi qələbələrin əbədiləşdirilməsidir. Bu gün həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü il antiterror əməliyyatında əldə edilən qələbələrin siyasi-hüquqi təsdiqi, həm də dövlətçilik tariximizin zirvə nöqtəsi kimi qəbul olunur. Cənab Prezident İlham Əliyevin 2024-cü ilin son günlərində imzaladığı Sərəncamla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə dövlətçilik ideyasına verilən dəyərin bariz nümunəsidir. Bu qərar, Azərbaycanın yalnız hərbi-siyasi uğurlarla kifayətlənmədiyini, eyni zamanda hüquqi və institusional əsaslarını möhkəmləndirdiyini göstərir. Konstitusiya və suverenlik dövlətin varlığını, milli kimliyini və beynəlxalq nüfuzunu təsdiqləyən əsas sütunlardır. Bu gün Azərbaycan artıq tam suveren dövlətdir. Sərhədlərimiz tam nəzarət altındadır, ərazi bütövlüyümüz təmin olunub, daxili sabitlik möhkəmlənib. İqtisadi inkişaf, sosial rifah və beynəlxalq nüfuz istiqamətində yeni mərhələyə qədəm qoyan Azərbaycan regionun aparıcı gücünə çevrilmişdir. Bütün bu nailiyyətlərin mərkəzində isə cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən liderliyi dayanır. O, yalnız qalib dövlətin lideri deyil, həm də milli iradəmizin simvolu, müstəqilliyimizin və dövlətçiliyimizin memarıdır. 20 sentyabr – Dövlət Suverenliyi Günü, Azərbaycan xalqının tarixi yaddaşında qalibiyyətin, dövlətçilik iradəsinin və milli qürurun simvolu kimi əbədi yaşayacaqdır. Bu gün biz fəxrlə deyirik: Azərbaycan suveren, güclü və qalib dövlətdir.


Xəyyam Vəliyev
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2025