Mobil versiya
Zəfər Qurbanov: Güclü insan kapitalı müasir aqrar İnkişafın əsas şərtidir
Tarix: 09-05-2026 | Saat: 12:12
Bölmə:Manşet / Özəl | çapa göndər

Zəfər Qurbanov: Güclü insan kapitalı müasir aqrar İnkişafın əsas şərtidir

Mayın 8-də Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro 2026” çərçivəsində təşkil olunan “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu” bir daha göstərdi ki, aqrar sahənin gələcəyi yalnız torpaq və iqlim resursları ilə deyil, güclü insan kapitalı ilə müəyyən olunur. Forumda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov vurğuladı ki, müasir kənd təsərrüfatı artıq ənənəvi yanaşmalarla kifayətlənmir; bu sahə innovativ düşüncə, rəqəmsal texnologiyalar və sahibkarlıq bacarıqları ilə silahlanmış yeni nəsil mütəxəssislər tələb edir.
Forumun əsas mahiyyəti də məhz dövlət, universitet və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, aqrar təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması və müasir aqronom modelinin formalaşdırılması idi. Bu gün aqrar sektorda süni intellekt əsaslı idarəetmə, ağıllı suvarma sistemləri, dron texnologiyaları, rəqəmsal monitorinq və iqlimə davamlı istehsal metodları geniş tətbiq olunur. Belə bir şəraitdə klassik nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara malik peşəkarların hazırlanması strateji əhəmiyyət daşıyır.

Qürurla deməliyəm ki, Azərbaycan Dövlət Aqrar Universiteti son illərdə məhz bu istiqamətdə mühüm addımlar atır. Universitet beynəlxalq əməkdaşlıqları genişləndirir, müasir laboratoriyalar və təcrübə təsərrüfatları yaradır, tələbələrin istehsalat müəssisələrində praktiki bilik əldə etməsinə xüsusi diqqət ayırır. Aqrar sahədə rəqəmsallaşma və innovasiya proseslərinin sürətlənməsi ADAU-nun tədris proqramlarında da öz əksini tapır.
Gələcək dövrdə isə universitetin qarşısında duran əsas vəzifələrdən biri aqrar startapların təşviqi, gənclərin sahibkarlıq bacarıqlarının inkişafı və elmi tədqiqatların real istehsalata inteqrasiyası olacaq. Dövlət-özəl tərəfdaşlığının genişlənməsi isə həm tələbələrin məşğulluq imkanlarını artıracaq, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.

Aqronomların II Beynəlxalq Forumu bir daha sübut etdi ki, aqrar sektorun dayanıqlı inkişafı üçün əsas güc məhz bilikli, innovativ və çevik düşüncəyə malik insan kapitalıdır. Bu istiqamətdə ADAU-nun fəaliyyəti Azərbaycanın müasir aqrar inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilir.

Bu yolda ADAU ailəsi olaraq Zəfər müəllimə, eləcə də hər birimizə uğurlar arzulayram.

Qalib Rəhimli.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə