Mobil versiya
15 İyun 1993-cü il Milli Qurtuluş Günü – Böyük Zəfərə və tam suverenliyə aparan yolun başlanğıcı
Tarix: 10-06-2026 | Saat: 10:25
Bölmə:Özəl | çapa göndər

15 İyun 1993-cü il Milli Qurtuluş Günü – Böyük Zəfərə və tam suverenliyə aparan yolun başlanğıcı

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər vardır ki, həmin tarixlər təkcə bir hadisənin deyil, bütöv bir dövrün başlanğıcı kimi qiymətləndirilir. 15 İyun – Milli Qurtuluş Günü məhz belə taleyüklü günlərdəndir. Bu tarix Azərbaycan dövlətçiliyinin xilası, xalqın gələcəyə inamının bərpası, müstəqilliyimizin qorunması və bugünkü qüdrətli Azərbaycanın təməlinin qoyulması ilə xarakterizə olunur. Hər il böyük ehtiramla qeyd etdiyimiz Milli Qurtuluş Günü bu gün artıq fərqli bir məna daşıyır. Çünki Azərbaycan xalqı bu tarixi günü qalib xalq kimi, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlətin vətəndaşları kimi qeyd edir.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər, 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri öz başlanğıcını məhz 1993-cü il 15 İyun tarixindən götürür. Həmin gün Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən və müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi.

1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə ağır vəziyyətlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkədə siyasi böhran dərinləşir, iqtisadiyyat iflic vəziyyətinə düşür, dövlət idarəçiliyində xaos hökm sürürdü. Ayrı-ayrı silahlı dəstələrin fəaliyyət göstərdiyi, hakimiyyət böhranının yaşandığı bir dövrdə dövlət müstəqilliyinin taleyi ciddi təhlükə altında idi. Belə bir mürəkkəb şəraitdə xalq öz ümidini böyük dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevə bağladı.
1993-cü ilin iyununda baş verən hadisələr Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi. Xalqın tələbi ilə Bakıya qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyin bərpasına nail oldu. İyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə dövlətçiliyimizin xilasının hüquqi və siyasi əsasını formalaşdırdı. Sonradan bu günün Milli Qurtuluş Günü kimi qeyd olunması təsadüfi deyildir. Çünki məhz həmin tarixdən etibarən Azərbaycan dağılmaq təhlükəsindən inkişaf və tərəqqi yoluna qədəm qoydu.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, qanunun aliliyi bərpa olundu. Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirildi və milli maraqlara əsaslanan siyasət həyata keçirilməyə başlandı. Məhz həmin dövrdə atılan addımlar sonrakı illərdə ölkəmizin iqtisadi, siyasi və hərbi gücünün formalaşmasına şərait yaratdı.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Xarici investisiyaların ölkəyə cəlb edilməsi, enerji layihələrinin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın genişlənməsi nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi. Ulu Öndərin müəyyən etdiyi neft strategiyası sonrakı illərdə ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsində həlledici rol oynadı.
Milli Qurtuluşun ən mühüm nəticələrindən biri də güclü Azərbaycan Ordusunun formalaşdırılması oldu. Dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən biri kimi ordu quruculuğuna xüsusi diqqət yetirildi. Sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da inkişaf etdirildi, Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi. Nəticədə 2020-ci ildə xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, Vətən müharibəsində möhtəşəm Zəfər qazanıldı.
Bu Zəfər təkcə hərbi qələbə deyildi. Bu, Ulu Öndər Heydər Əliyevin ideyalarının, dövlətçilik məktəbinin və milli inkişaf strategiyasının təntənəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü böyük ölçüdə bərpa olundu, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə isə dövlətimizin suverenliyi ölkənin bütün ərazisində tam təmin edildi.
Bu gün Azərbaycanın hər yerində, o cümlədən Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda və Qubadlıda üçrəngli Dövlət Bayrağımız qürurla dalğalanır. İşğaldan azad olunmuş torpaqlarda geniş quruculuq işləri aparılır, yeni şəhər və kəndlər salınır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Böyük Qayıdış proqramı çərçivəsində minlərlə insan artıq Qarabağ və Şərqi Zəngəzurda yaşayır, çalışır və təhsil alır.
Milli Qurtuluşdan başlanan yol Azərbaycanın beynəlxalq nüfuzunun artmasını da təmin etmişdir. Bu gün Azərbaycan regionun lider dövləti, beynəlxalq enerji təhlükəsizliyinin mühüm iştirakçısı və etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və logistika layihələri Avrasiyanın iqtisadi xəritəsini dəyişdirən mühüm layihələrə çevrilmişdir.
Qurtuluşun müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın inkişafını daha da sürətləndirir, ölkəmizin beynəlxalq mövqelərini gücləndirir. Qarabağın və Şərqi Zəngəzurun bərpası, yeni iqtisadi imkanların yaradılması, milli həmrəyliyin möhkəmləndirilməsi Azərbaycanın gələcəyinə olan inamı daha da artırır.
Bu gün 15 İyun – Milli Qurtuluş Gününü qeyd edərkən bir daha əmin oluruq ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasaydı, bugünkü qüdrətli, qalib və suveren Azərbaycan da olmazdı. Milli Qurtuluşdan başlayan yol xalqımızı Böyük Zəfərə, tam suverenliyə və yeni inkişaf mərhələsinə gətirib çıxardı.
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim ehtiramla yad edir, onun müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələrini qürur hissi ilə yaşayır. Milli Qurtuluş Günü təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə inam, dövlətçiliyimizin əbədi və dönməz olduğunu təsdiqləyən tarixi gündür.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə