Mobil versiya
Bakı–Moskva qatarı yenidən hərəkətə başlaya bilər? – Yeni razılaşmalar gözləntiləri artırır
Tarix: 08-07-2026 | Saat: 18:41
Bölmə:Özəl | çapa göndər

Bakı–Moskva qatarı yenidən hərəkətə başlaya bilər? – Yeni razılaşmalar gözləntiləri artırır




Azərbaycan, Rusiya və İran arasında dəmir yolu əməkdaşlığının genişləndirilməsi ilə bağlı aparılan son danışıqlar Bakı–Moskva sərnişin qatarının gələcəkdə yenidən fəaliyyətə başlaması ehtimalını yenidən gündəmə gətirib.

İmzalanan protokol əsasən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, yükdaşımalarının artırılması, Astara terminalının imkanlarının genişləndirilməsi və rəqəmsal idarəetmə sistemlərinin tətbiqini nəzərdə tutur. Rəsmi sənəddə sərnişin daşımalarının bərpası ilə bağlı qərar yer almasa da, ekspertlər hesab edirlər ki, formalaşan infrastruktur gələcəkdə bu istiqamətdə də imkan yarada bilər.

İqtisadçı Eldəniz Əmirov bildirib ki, hazırkı mərhələdə əsas məqsəd logistik imkanların və yükdaşımalarının səmərəliliyini artırmaqdır. Onun sözlərinə görə, dəmir yolu administrasiyaları arasında koordinasiyanın güclənməsi gələcəkdə sərnişin qatarlarının bərpası üçün texniki və təşkilati zəmin formalaşdıra bilər.

Ekspert qeyd edib ki, Bakı–Moskva qatarının yenidən fəaliyyətə başlaması üçün əsas şərtlərdən biri sabit sərnişin tələbatının formalaşmasıdır. İlk dövrdə yüksək marağın olacağı gözlənilsə də, layihənin uzunmüddətli iqtisadi səmərəliliyi məhz davamlı sərnişin axınından asılı olacaq.

Əmirovun fikrincə, belə bir marşrutun açılması iki ölkə arasında turizm, ticarət və humanitar əlaqələrin inkişafına, həmçinin daha münasib qiymətlə səyahət etmək istəyən sərnişinlər üçün əlavə alternativin yaranmasına müsbət təsir göstərə bilər. Bununla yanaşı, dəmir yolu sektorunda xidmətlərin və infrastrukturun inkişafı baxımından da yeni imkanlar yaranacağı gözlənilir.

Bununla belə, Bakı–Moskva qatarının yenidən fəaliyyətə başlaması üçün siyasi qərarlar, sərhəd-keçid prosedurlarının razılaşdırılması və təhlükəsizlik məsələlərinin həlli əsas şərtlər olaraq qalır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2026