Mobil versiya
14 iyul - Müstəqil Azərbaycanın təməlinin qoyulduğu gün
Tarix: 14-07-2026 | Saat: 13:23
Bölmə:Özəl | çapa göndər

14 iyul - Müstəqil Azərbaycanın təməlinin qoyulduğu gün

Azərbaycanın çoxəsrlik dövlətçilik salnaməsində elə tarixlər var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır. Belə günlər xalqın taleyini dəyişir, gələcəyin istiqamətini müəyyənləşdirir və zaman keçdikcə tarixi həqiqət kimi daha aydın görünür. 1969-cu il iyulun 14-ü məhz belə taleyüklü tarixlərdən biridir. Həmin gün Azərbaycan rəhbərliyinə gələn Ümummilli Lider Heydər Əliyev yalnız yeni rəhbər seçilmədi. O, əslində Azərbaycanın gələcək müstəqilliyinin strateji layihəsini həyata keçirməyə başladı. O dövrdə heç kim Sovet İttifaqının dağılacağını təsəvvür etmirdi. Ancaq böyük dövlət xadimi gələcəyin Azərbaycanını bugündən qurmağa başlamışdı. Tarix sonradan sübut etdi ki, 1991-ci ildə elan olunan dövlət müstəqilliyi təsadüfi siyasi hadisə deyil, məhz 1969-cu ildən başlanan uzaqgörən siyasətin məntiqi nəticəsi idi.

1960-cı illərin sonunda Azərbaycan keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri hesab olunurdu. Sənaye zəif inkişaf etmiş, kənd təsərrüfatı geriləmiş, milli kadr potensialı məhdudlaşdırılmış, iqtisadi imkanlar isə başqa ittifaq respublikalarının inkişafına yönəldilmişdi. Belə bir şəraitdə respublikanın gələcəyindən danışmaq belə çətin görünürdü. Məhz buna görə 14 iyul yalnız hakimiyyət dəyişikliyi deyil, bütöv inkişaf fəlsəfəsinin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyev ilk gündən Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini yaratmağa başladı. Çünki yaxşı bilirdi ki, iqtisadiyyatı güclü olmayan xalq siyasi baxımdan da müstəqil ola bilməz. Sonrakı onillikdə yüzlərlə yeni sənaye müəssisəsinin yaradılması, müasir istehsal sahələrinin qurulması, kənd təsərrüfatının inkişaf etdirilməsi, Azərbaycanın ittifaq miqyasında qabaqcıl sənaye respublikalarından birinə çevrilməsi gələcək dövlətçiliyin iqtisadi bazasını formalaşdırdı. Ulu Öndər Heydər Əliyev siyasətinin böyüklüyü yalnız iqtisadi göstəricilərlə ölçülmür. O, milli ruhu oyatdı. İnsanlara öz xalqına inanmağı öyrətdi. Azərbaycan dilinin, milli-mənəvi dəyərlərin, tariximizin, mədəniyyətimizin qorunması istiqamətində həyata keçirilən siyasət milli özünüdərk prosesini sürətləndirdi. O dövrdə sovet ideoloji sisteminin sərt qaydalarına baxmayaraq, milli kimliyin qorunması gələcək müstəqilliyin mənəvi dayaqlarını yaratdı. Böyük strateqin uzaqgörənliyi xüsusilə milli kadr siyasətində özünü göstərdi. Minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsi, elmi potensialın gücləndirilməsi, hərbi kadrların hazırlanması gələcək müstəqil dövlət aparatının əsasını təşkil etdi. Əgər həmin illərdə bu addımlar atılmasaydı, 1991-ci ildə müstəqil Azərbaycanın peşəkar idarəetmə və müdafiə sistemi formalaşdırmaq imkanları son dərəcə məhdud olardı.

1978-ci ildə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması isə həmin siyasətin ən böyük milli nailiyyətlərindən biri idi. Sovet ideologiyasının hökm sürdüyü bir dövrdə bu qərar yalnız hüquqi dəyişiklik deyildi. Bu, milli iradənin nümayişi, xalqın gələcəyinə hesablanmış siyasi cəsarət nümunəsi idi. 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə Azərbaycanın üzləşdiyi faciələr də təsadüfi deyildi. Sonrakı illərdə Ermənistanın ərazi iddiaları, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və torpaqlarımızın işğalı göstərdi ki, böyük liderin yoxluğu dövlət üçün nə qədər ağır nəticələr doğura bilir. Lakin xalqın təkidli tələbi ilə onun yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi və 1969-cu ildə başlanmış dövlətçilik xətti yenidən bərpa olundu.

Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm uğurlar, ərazi bütövlüyümüzün bərpası, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi də həmin strateji siyasi kursun davamıdır. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və sonrakı quruculuq mərhələsi göstərdi ki, 1969-cu ildə əsası qoyulan dövlətçilik məktəbi zamanın bütün sınaqlarından uğurla çıxıb. Artıq tarix özü hökmünü verib. 14 iyul 1969-cu il təkcə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçildiyi tarix deyil. Bu tarix milli intibahın başlanğıcı, iqtisadi dirçəlişin əsası, milli özünüdərkin yüksəlişi, güclü dövlətçilik məktəbinin formalaşdığı gündür. Məhz buna görə müasir Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin kökləri həmin tarixi günə gedib çıxır.
İndi Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan, milli maraqlarını qətiyyətlə müdafiə edən, regionun siyasi və iqtisadi liderinə çevrilmiş müstəqil dövlətdir. Bu qüdrətin başlanğıc nöqtəsini tarix 1969-cu il 14 iyulda birləşdirir. Həmin gün Azərbaycanın gələcəyi üçün yalnız yeni rəhbər seçilmədi; müstəqil və qüdrətli Azərbaycan dövlətinin möhkəm təməli qoyuldu.

Rəşad Əsgərov,
“Kompleks qazma işləri” trestinin YAP ”Dəniz Neftçiləri” ərazi partiya təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2026