Mobil versiya
Şuşa Forumu ölkəmizin qlobal dialoqun təşkilatçısı statusunu təsdiqlədi - RƏY
Tarix: 14-07-2026 | Saat: 13:49
Bölmə:Siyasət | çapa göndər

Şuşa Forumu ölkəmizin qlobal dialoqun təşkilatçısı statusunu təsdiqlədi

Prezident İlham Əliyevin ənənəvi olaraq iştirak etdiyi IV Şuşa Qlobal Media Forumu Azərbaycanın diplomatiya, informasiya siyasəti və milli maraqlarının beynəlxalq müstəvidə təşviqini özündə birləşdirən mühüm platformaya çevrilib. Dövlət başçısının Forumdakı proqram xarakterli çıxışı göstərdi ki, qlobal informasiya rəqabətinin gücləndiyi şəraitdə belə tədbirlər ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində təsirli "yumşaq güc" aləti kimi çıxış edir. Forum Azərbaycanın qlobal dialoq məkanı kimi nüfuzunu artırmaqla yanaşı, Şuşanın beynəlxalq əhəmiyyətini də gücləndirir. Prezidentin Cənubi Qafqazdakı proseslərə dair konkret mesajları və regional əməkdaşlığa çağırışları isə Forumun siyasi əhəmiyyətini daha da artırdı.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Prezident İlham Əliyevin Cənubi Qafqazın geosiyasi mübarizə meydanına çevrilməməsi ilə bağlı bəyanatı haqda danışan deputatın sözlərinə görə, səslənən fikirlərin leytmotivi ondan ibarətdir ki, ölkəmiz bir sıra aparıcı və regional dövlətlərlə əməkdaşlıq edir, lakin eyni zamanda kiminsə geosiyasi avantüralarının iştirakçısına çevrilmir. Prezident İlham Əliyev də bu xüsusda açıq şəkildə bildirdi ki, bütün qonşu dövlətlər bu cür müstəqil siyasət yürütməlidir və Azərbaycan beynəlxalq hüququn müdafiəsinə hər zaman sadiqdir.

“Azərbaycan liderinin sağlam məntiqə əsaslanan bu çağırışları təkcə qonşu Ermənistanda deyil, həm də qitənin digər tərəfində militarizmi və başqalarının ərazilərinin işğalını dəstəkləyən ölkələrdə də eşidilməlidir. Bu baxımdan, Azərbaycan Prezidentinin Fransanın müstəmləkəçilik siyasətini diqqətdən kənarda qoymaması heç də təsadüfi deyil. O, Fransanın dənizaşırı ərazilərinin uzun illərdir bu siyasətdən əziyyət çəkdiyini xatırladıb, Bakı Təşəbbüs Qrupunun rolunu xüsusilə qeyd edib və insan hüquqları ilə qlobal müstəmləkəçilik problemini dünya gündəminə çıxaran bu platformanın fəaliyyətinə böyük əhəmiyyət verdiyini bildirib”, - deyə o əlavə edib.

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını, həmçinin Prezident İlham Əliyevin çıxışında 907-ci düzəlişlə bağlı səsləndirdiyi fikirləri xatırladan K.Bayramov bildirib ki, dövlət başçısının ABŞ ilə bağlı mesajları Vaşinqtonla münasibətlərdə qarşılıqlı etimadın və liderlərarası dialoqun əhəmiyyətini bir daha nümayiş etdirdi. Onun sözlərinə görə, Prezident İlham Əliyev müxtəlif administrasiyalar dövründə ikitərəfli münasibətlərin inkişaf dinamikasına toxunmaqla Azərbaycan-ABŞ əməkdaşlığının siyasi məzmununu və perspektivlərini ön plana çıxardı.

“Bundan başqa, Prezident İlham Əliyev çıxışında Avropa Şurası və digər Avropa institutlarının Azərbaycana münasibətdə sərgilədiyi yanaşmaları da tənqid etdi. Dövlət başçısı bu qurumların ölkəmizə qarşı mövqeyində ikili standartların mövcudluğunu vurğulayaraq, Azərbaycanın heç bir beynəlxalq təşkilatdan asılı siyasət yürütmədiyini və münasibətlərin yalnız qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Azərbaycan liderinin bu bəyanatlarından belə nəticəyə gəlmək olar ki, ölkəmiz bütün ikili standartlar siyasətinə və insan hüquqları məsələlərindən siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə baxmayaraq, Avropa strukturları ilə qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu tərəfdaşlıq zəminində əməkdaşlığa hazırdır. Əks halda, ölkəmiz Avropa strukturlarına üzv olmadan da fəaliyyətini uğurla davam etdirə bilər ki, bunun da bariz sübutu AŞPA, Avropa Parlamenti və s. ilə əməkdaşlığın dayandırılmasıdır”, - deyə deputat əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2026