Mobil versiya
Azər Kərimli: “3 oktyabr 1993-cü ildə xalqın verdiyi qərar Azərbaycanın gələcək yüksəlişi üçün möhkəm siyasi zəmin yaratdı”
Tarix: 29-09-2026 | Saat: 11:08
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: “3 oktyabr 1993-cü ildə xalqın verdiyi qərar Azərbaycanın gələcək yüksəlişi üçün möhkəm siyasi zəmin yaratdı”

“3 oktyabr 1993-cü il tarixinin Azərbaycan xalqı və dövlətçiliyi üçün müstəsna əhəmiyyəti həmin gün ölkəmizdə keçirilən prezident seçkilərində xalqın böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi dövlət başçısı seçməsi və bununla da ölkənin müasir tarixində yeni mərhələnin başlanması kimi tarixi hadisələrlə müəyyən edilir. Həmin seçim Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlardan keçdiyi, ölkənin siyasi və sosial böhran içərisində olduğu bir dövrdə xalqın öz xilaskar liderinə olan inamının ifadəsi idi. Müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər yalnız iqtisadi çətinliklərdən və siyasi qeyri-sabitlikdən ibarət deyildi. Dövlətin suverenliyinə, ərazi bütövlüyünə və gələcəyinə ciddi təhlükələr mövcud idi. Ayrı-ayrı silahlı dəstələrin fəaliyyəti, hakimiyyət uğrunda mübarizə, dövlət çevrilişi cəhdləri və vətəndaş qarşıdurması təhlükəsi ölkəni fəlakətin astanasına gətirmişdi. Belə bir şəraitdə xalqın Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Cəmiyyət artıq peşəkar idarəçilik, siyasi uzaqgörənlik və dövlətçilik təcrübəsinin nə qədər mühüm olduğunu aydın şəkildə görürdü.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.

Heydər Əliyevin prezident seçilməsi ilə Azərbaycanın dövlətçilik tarixində sabitlik və quruculuq mərhələsinin başlandığını vurğulayan millət vəkili fikirlərini belə davam etdirib: “Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail oldu, dövlətçiliyə qarşı təhlükələrin qarşısını aldı və hüquqi dövlət institutlarının formalaşdırılması istiqamətində ardıcıl addımlar atdı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi bu prosesin mühüm nəticələrindən biri idi. Eyni zamanda, milli iqtisadiyyatın inkişafı üçün yeni model formalaşdırıldı, xarici investisiyaların ölkəyə cəlb olunmasına şərait yaradıldı və Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri genişləndirildi. Ulu Öndərin neft strategiyası da məhz müstəqil dövlətin gələcək gücünü təmin etmək məqsədi daşıyırdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan öz enerji resurslarını milli inkişafın mühüm amilinə çevirdi. Bu siyasət sonrakı illərdə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına, yeni nəqliyyat və enerji dəhlizlərinin formalaşmasına, Azərbaycanın regionda strateji əhəmiyyətinin artmasına imkan verdi. Eyni zamanda, Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqe qazanmasına şərait yaratdı. Bu möhkəm siyasi və iqtisadi təməl sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni məzmunla zənginləşdirildi. Müasir mərhələdə Heydər Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanın dinamik inkişafının əsas amillərindən birinə çevrildi. Güclü iqtisadiyyat, müasir ordu, fəal xarici siyasət və dövlətçilik həmrəyliyi ölkəmizin imkanlarını əhəmiyyətli dərəcədə artırdı. Nəticədə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı, 2023-cü ildə isə dövlət suverenliyini tam bərpa etdi. Bu tarixi nailiyyətlər ardıcıl və uzaqgörən dövlət siyasətinin məntiqi nəticəsi kimi Azərbaycanın yeni reallıqlarını formalaşdırdı. Bu gün 3 oktyabr 1993-cü il tarixinə nəzər salarkən həmin seçimin miqyasını daha aydın görmək mümkündür. Xalqın verdiyi qərar ölkənin taleyində dönüş yaratdı, dövlətçiliyin möhkəm əsaslarını formalaşdırdı və Azərbaycanın gələcək yüksəlişi üçün siyasi zəmin yaratdı. Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” fikri bu gün artıq yalnız siyasi ideya deyil, müasir Azərbaycanın reallığıdır. Çünki həmin ideyanın üzərində qurulan dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətini daha da artırıb və ölkəmizi öz milli maraqlarını qətiyyətlə müdafiə edən qalib dövlət səviyyəsinə yüksəldib” – deyə, Azər Kərimli fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2026