Mobil versiya
Novruzəli Aslanov: “Ulu Öndərin dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri hüquqi əsasların möhkəmləndirilməsi idi”
Tarix: 29-09-2026 | Saat: 13:13
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Ulu Öndərin dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri hüquqi əsasların möhkəmləndirilməsi idi”

“Azərbaycanın müasir dövlətçilik tarixində elə siyasi qərarlar var ki, onların nəticələri onilliklər keçdikdən sonra daha aydın görünür. 3 oktyabr 1993-cü il prezident seçkiləri də belə mühüm tarixi hadisələrdəndir. Həmin gün Azərbaycan xalqının böyük əksəriyyətinin yenilməz iradəsin ilə Heydər Əliyevin dövlət başçısı seçilməsi ölkənin taleyində həlledici dönüş yaratdı. Çünki məhz bu seçim müstəqilliyin ilk illərində ağır sınaqlarla üzləşən Azərbaycanın dövlətçilik dayaqlarının qorunması və möhkəmləndirilməsi baxımından yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyində peşəkarlıq, siyasi uzaqgörənlik və milli maraqlara bağlılıq əsas istiqamətlərə çevrildi. Ulu Öndər ilk növbədə ölkənin daxili sabitliyinin təmin edilməsinə diqqət yetirdi. Dövlət çevrilişi cəhdlərinin və silahlı qarşıdurmaların qarşısının alınması, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması Azərbaycanın normal inkişafı üçün zəruri siyasi mühit formalaşdırdı. Dövlət institutlarının möhkəmləndirilməsi və milli ordu quruculuğunun sürətləndirilməsi isə müstəqilliyin etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyət daşıdı.”

Milli Məclisin deputatı Novruzəli Aslanov bunları aia.az-a verdiyi açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə Ulu Öndərin dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri hüquqi əsasların möhkəmləndirilməsi idi: “1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental prinsiplərini müəyyənləşdirdi. İnsan hüquq və azadlıqlarının prioritetliyi, hakimiyyət bölgüsü və dövlət institutlarının fəaliyyətinin hüquqi çərçivəyə salınması müstəqil Azərbaycanın siyasi sisteminin inkişafına geniş imkanlar açdı. Sonrakı islahatlar, o cümlədən məhkəmə və hüquq sistemində həyata keçirilən dəyişikliklər dövlətçilik mexanizmlərinin daha da təkmilləşdirilməsinə xidmət etdi. Heydər Əliyev Azərbaycanın yalnız daxili sabitliyini deyil, beynəlxalq mövqelərini də möhkəmləndirməyə çalışırdı. Ümummilli Liderin müəyyən etdiyi uzaqgörən xarici siyasət kursu Azərbaycanın dünya birliyinə fəal inteqrasiyasını təmin etdi. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması və ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyin formalaşdırılması bu strategiyanın mühüm istiqamətlərindən idi. Ulu Öndərin diplomatik səyləri sonrakı illərdə Azərbaycanın milli maraqlarının müdafiəsi üçün mühüm siyasi baza yaratdı. Bu strateji irs Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildi və daha da inkişaf etdirildi. Heydər Əliyev siyasi kursunun ardıcıl davamı Azərbaycanın iqtisadi gücünün artmasına, sosial inkişafın sürətlənməsinə, ordu quruculuğunun yeni mərhələyə yüksəlməsinə və beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaratdı. Güclü dövlət və güclü ordu modeli 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin hərbi-siyasi yolla bərpasını təmin etdi. 2023-cü ildə isə dövlət suverenliyimizin tam bərpa olunması Azərbaycan tarixinin ən mühüm nailiyyətlərindən birinə çevrildi. Beləliklə, 3 oktyabr 1993-cü il yalnız bir prezident seçkisinin tarixi deyil. Bu tarix Azərbaycan dövlətçiliyinin böhranlı mərhələdən sabitlik və inkişaf yoluna keçidinin siyasi başlanğıcıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strategiya zamanın sınaqlarından keçərək öz həyatiliyini sübut edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kursun müasir mərhələdə davam etdirilməsi isə Azərbaycanın artıq qalib, suverenliyi tam təmin olunmuş və gələcəyə böyük inamla baxan qüdrətli dövlət kimi inkişafını şərtləndirir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2026