Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanın bu iki ədalətli şərtinin yerinə yetirilməsi sülh sazişinin imzalanması üçün möhkəm zəmin yaradacaq”
Tarix: 11-07-2025 | Saat: 14:21
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanın bu iki ədalətli şərtinin yerinə yetirilməsi sülh sazişinin imzalanması üçün möhkəm zəmin yaradacaq”

“10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş tərəflər arasında bütün mövzulara dair yaranan suallara cavab tapmaq baxımından çox önəmlidir və bu görüşün nəticələri kifayət qədər müsbət xarakterizə olunur. Görüşün yekununda layihəsinin xarici işlər nazirləri tərəfindən paraflanması ilə bağlı razılıq əldə edilib. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh sazişi Cənubi Qafqazda regional təhlükəsizliyin təmin olunması üçün əsas amillərdən biridir. Əgər bu gün bir çox xarici qüvvələrin öz maraqları naminə regionumuzla bağlı müxtəlif narahatlıq doğuran planlar cızdığını nəzərə alsaq, bu zaman Azərbaycanın sülh təşəbbüslərinin önəmini daha qabarıq formada görə bilərik. Əbu-Dabidə keçirilən görüşdə ölkə sərhədlərinin delimitasiya və demarkasiyası prosesini mövcud və formalaşmaqda olan münasibətlərin əsas prioritetlərindən biri kimi gələcək risklərin dəyərləndirilməsi hesabı ilə aparılması razılaşdırılıb. Təbii ki, iki ölkə arasında sülh razılaşması əldə olunarsa və Zəngəzur dəhlizi açılarsa, bu, arzuolunmaz xarici güclərin sadəcə Cənubi Qafqaza deyil, bütünlükdə Transxəzər regionuna dair müdaxilə planlarını pozacaq və onların mövqelərinin zəifləməsinə səbəb olacaq. Diqqətə almaq lazımdır ki, Abu-Dabidə Azərbaycan sülh sazişinin imzalanmasında, normallaşma prosesinin irəliləyişində təşəbbüskar, aparıcı tərəf olduğunu bir daha təsdiqlədi.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Həmçinin deputat cənab Prezident İlham Əliyevin ədalət prinsiplərinin və beynəlxalq hüquq normalarının gözlənilməsini özündə ehtiva edən xarici siyasət kursunun regional proseslərə təsirinin yüksək effektivliyini qeyd edib: “Azərbaycan 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra qarşılıqlı etimad mühitinin yaradılması təşəbbüsünü irəli sürdü. Qeyd olunmalıdır ki, son bir neçə il ərzində bu istiqamətdə mühüm addımlar atılıb. O cümlədən Azərbaycan və Ermənistan rəhbərlərinin Abu-Dabi görüşündə də etimad tədbirlərinin davam etdirməsinin vacibliyi xüsusi qeyd olunub. Məsələ bundadır ki, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün qarşılıqlı etimad mühitinin yaradılması zəruri şərtdir. Məhz elə bu baxımdan da danışıqların ikitərəfli formatı sülh istiqamətində etibarlı dialoqun qurulması üçün daha geniş imkanlar yaradır. Beləliklə, cənab Prezident İlham Əliyevin ədalət prinsiplərinə və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti sülh gündəliyini real nəticələrə daha da yaxınlaşdırmış olur. Bununla belə, sülh sazişinin imzalanması üçün Azərbaycanın ədalətli şərtləri də mütləq nəzərə alınmalıdır. Ermənistan öz konstitusiyasını dəyişdirərək qonşu ölkələrə, xüsusən də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən maddələri çıxarmalı, keçmiş Minsk qrupunun ləğvi tələbi ilə ATƏT-ə müraciət etməlidir. Bu iki şərtin yerinə yetirilməsi sülh sazişinin imzalanması üçün möhkəm zəmin yaradacaq” – deyə, Novruzəli Aslanov fikirlərini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-07-2025