Mobil versiya
Novruzəli Aslanov: “Qarabağda antiterror əməliyyatı Azərbaycanın hüquqi, siyasi və mənəvi haqqını bərpa etmək üçün atılacaq yeganə düzgün addım idi.”
Tarix: 17-09-2025 | Saat: 13:26
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Qarabağda antiterror əməliyyatı Azərbaycanın hüquqi, siyasi və mənəvi haqqını bərpa etmək üçün atılacaq yeganə düzgün addım idi.”

“2023-cü ilin 19 sentyabrında Azərbaycan Respublikası tarixində dönüş nöqtəsi sayılacaq mühüm bir hadisə baş verdi. Qarabağda konstitusiya quruluşunu bərpa etmək və ölkə suverenliyini tam təmin etmək məqsədilə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bu qərar ani verilmiş hərbi reaksiya deyildi. Azərbaycan Vətən müharibəsində qalib gələndən sonra, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən, Ermənistanın silahlı birləşmələrinin ölkə ərazisindən çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu öhdəliyi üç il ərzində yerinə yetirmədi. Qarabağda 10 mindən artıq erməni hərbçisi, yüzlərlə texnika və silah sistemi qanunsuz şəkildə saxlanılırdı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili fikirlərini davam etdirərək Azərbaycanın üç il ərzində son dərəcə məsuliyyətli və sülhsevər davranış sərgilədiyini xüsusi vurğulayıb: “Azərbaycan hökuməti dəfələrlə İrəvana və beynəlxalq vasitəçilərə müraciət edərək, regionda davamlı sülhün qurulması üçün konkret addımlar atmağa hazır olduğunu bildirdi. Lakin Ermənistan tərəfi nəinki danışıqlardan yayınır, əksinə – Azərbaycanın suveren ərazilərində mütəmadi olaraq təxribatlara və terror aktlarına əl atırdı. Bütün bunlar az imiş kimi, ermənilər və onların havadarları Azərbaycanı hətta Qarabağ bölgəsində humanitar böhran yaratmaqda ittiham etməyə də çalışırdılar. Bununla bağlı mən bir faktı burada qeyd etmək istərdim. Antiterror əməliyyatı başlamazdan cəmi bir ay əvvəl – 2023-cü il avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti rəsmi bəyanat yayaraq, Qarabağda yaşayan erməni sakinlərə humanitar yardım göstərməyə hazır olduğunu elan etmişdi. Bu bəyanatdan sonra avqustun 29-da Cəmiyyətimizin 2 TIR-dan (ümumilikdə 40 ton) ibarət yardım karvanı yola düşdü. Lakin separatçı rejim bu yardımı qəbul etməkdən imtina etdi. Bu fakt Azərbaycanın sülh və insani dəyərlərə sadiqliyinin, separatçıların isə bölgədə gərginlik yaratmaq niyyətində olduqlarının açıq sübutu idi.”

Daha sonra N.Aslanov bilavasitə antiterror əməliyyatının başlanmasına səbəb olan hadisələrdən bəhs edib: “2023-cü il sentyabrın 19-da erməni silahlı birləşmələri Azərbaycan mövqelərinə və mülki şəxslərə qarşı genişmiqyaslı hücumlara başladı. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə dərhal və yüksək peşəkarlıqla lokal xarakterli antiterror tədbiri həyata keçirməyə başladı. Cəmi 23 saat davam edən bu əməliyyat nəticəsində bütün əsas hədəflərə çatıldı. Əməliyyat zamanı Azərbaycanın prioriteti həm də mülki əhalinin təhlükəsizliyinin təmin olunması idi. Qadınlar, uşaqlar, qocalar və xəstələr üçün xüsusi dəhlizlər təşkil edildi, onlara tibbi yardım göstərildi. Hərbi əməliyyatlar zamanı inzibati binalar, məktəblər, xəstəxanalar, ibadət yerləri və digər sosial obyektlər hədəf alınmadı. Bu, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşdığını bir daha nümayiş etdirdi.”

Sonda deputat antiterror əməliyyatından sonra bölgədə gedən proseslərə dair fikirlərini səsləndirib: “Artıq iki ildir ki, Qarabağ və Şərqi Zəngəzur tam olaraq Azərbaycanın suveren nəzarəti altındadır. Azərbaycan bir daha sübut etdi ki, ölkəmizin dövlət suverenliyi və ərazi bütövlüyü heç vaxt güzəştə gedilə bilməz. Bununla yanaşı, Azərbaycan bunu da göstərdi ki, o, bölgədə sülhün və birgə yaşayışın əsas təminatçısı ola bilər. Bu gün Qarabağda yeni dövr başlayıb. Separatçılıq artıq tarixin zibilliyində öz yerini tutub. İndi əsas vəzifə bu torpaqlarda sabit, təhlükəsiz və ləyaqətli həyat şəraitini təmin etməkdir. Bu yolda Azərbaycan dövləti öz üzərinə düşən bütün məsuliyyəti daşımağa hazır olduğunu əməli addımlarla sübut edib” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2025