Mobil versiya
Böyük qayıdışın rəmzi
Tarix: 20-10-2025 | Saat: 11:09
Bölmə:Siyasət | çapa göndər

Böyük qayıdışın rəmzi

2020-ci il 20 oktyabr tarixində Zəngilan rayonunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunması Vətən müharibəsinin ən mühüm strateji nailiyyətlərindən biri kimi tarixə düşdü. Füzuli və Cəbrayıl istiqamətlərində əldə edilən həlledici qələbələr Zəngilan əməliyyatının uğurla həyata keçirilməsinə zəmin yaratdı. Nəticədə şəhərlə birlikdə 4 qəsəbə və 49 kənd azad edildi. Bu tarixi zəfər, “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilən 6974 hərbi qulluqçunun qəhrəmanlığını əbədiləşdirdi. Ən önəmli strateji nəticə isə 132 kilometrlik Azərbaycan–İran dövlət sərhədinin tam bərpa edilməsi və ölkəmizin bu əraziyə tam nəzarətinin təmin olunması idi. Bu hadisə regionda yeni nəqliyyat və kommunikasiya əlaqələrinin formalaşması üçün mühüm mərhələyə çevrildi.Zəngilanın azad edilməsi onun mühüm nəqliyyat və logistika qovşağı kimi rolunu yenidən ön plana çıxardı. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivində Zəngilan mərkəzi strateji mövqedədir. Bölgənin sürətli inkişafına xidmət edən əsas layihələrdən biri – Zəngilan Beynəlxalq Hava Limanı – qısa müddətdə ICAO və IATA standartlarına tam uyğun şəkildə inşa olunmuşdur. Hava limanı bütün növ, o cümlədən iri və ağır yük təyyarələrini qəbul etmək gücünə malikdir. Bu obyekt təkcə Qarabağda hava nəqliyyatı infrastrukturunun bərpası deyil, həm də Zəngəzur dəhlizinin hava əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bundan başqa, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu da bölgənin iqtisadi və logistik inkişafına xidmət edən mühüm layihələrdəndir. Bu xətt həm “Böyük Qayıdış” proqramı çərçivəsində vətəndaşların doğma torpaqlara qayıdışını asanlaşdıracaq, həm də yük daşımalarının əsas marşrutuna çevriləcək. Paralel olaraq, illik 15 milyon ton yükdaşıma qabiliyyətinə malik 124 kilometrlik Zəngilan–Horadiz avtomobil yolu da tikilməkdədir. Bu nəqliyyat arteriyaları Zəngilanı Naxçıvanla birləşdirəcək və onu regionun logistik mərkəzinə çevirəcək.Bu gün Zəngilanın iqtisadi bərpası iki əsas istiqamətdə – şəhərsalma və kənd təsərrüfatı – üzrə həyata keçirilir. Azərbaycan və Türkiyə əməkdaşlığının bariz nümunəsi olan “Dost Aqropark” layihəsi bölgənin iqtisadi inkişafında aparıcı rol oynayır. Ümumi dəyəri 100 milyon dollar olan bu aqropark tam fəaliyyətə başladıqda 500 nəfəri daimi işlə təmin edəcək. Layihə çərçivəsində 3500 baş cins heyvan gətirilib, 6 min hektar ərazidə bitkiçilik, heyvandarlıq, toxumçuluq və şitilçilik təsərrüfatları yaradılıb. Əlavə olaraq, burada fəaliyyət göstərəcək ət emalı müəssisəsi və “Aqro Market” vasitəsilə “Made in Qarabağ” markalı məhsulların dünya bazarına çıxarılması planlaşdırılır.Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” bölgənin kompleks inkişaf strategiyasını müəyyən edir. Bu sənədə əsasən, şəhərdə bir sıra mühüm infrastruktur və sosial layihələr icra olunur – yeni yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, Konqres Mərkəzi və Zəngilan İstirahət Kompleksi tikilir. Bundan əlavə, “AzərEnerji” və “Azərişıq” tərəfindən “Zəngilan”, “Şayıflı”, “Sarıqışlaq” və “Cahangirbəyli” Su Elektrik Stansiyaları istifadəyə verilib, həmçinin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb. Bu layihələr bölgənin enerji təminatını möhkəmləndirir və “yaşıl enerji” konsepsiyasının reallaşmasına şərait yaradır.Cənab Prezident İlham Əliyevin 23 dekabr 2020-ci ildən 3 oktyabr 2024-cü ilədək Zəngilana etdiyi çoxsaylı səfərlər bu bölgəyə dövlət səviyyəsində göstərilən xüsusi diqqətin bariz göstəricisidir. Həmin səfərlər çərçivəsində Azərbaycan bayrağının ucaldılması, Beynəlxalq Hava Limanının, avtomobil və dəmir yollarının təməlinin qoyulması, “Ağıllı kənd” layihəsinin və “Dost Aqropark”ın açılış mərasimləri, həmçinin bir sıra enerji obyektlərinin istifadəyə verilməsi həyata keçirilib. Bu səfərlər Zəngilanın ölkənin iqtisadi və strateji inkişafında tutduğu əhəmiyyətli yeri bir daha təsdiq edir.Zəngilan rayonu həm hərbi-siyasi, həm də iqtisadi-strateji baxımdan Azərbaycanın bərpa və “Böyük Qayıdış” dövrünün əsas dayaqlarından biridir. Rayonun azadlığı ilə Azərbaycan–İran sərhədi bərpa olunub, Beynəlxalq Hava Limanı və Zəngəzur dəhlizi layihələri reallaşma mərhələsinə çatıb. “Dost Aqropark” kimi iri aqrar təşəbbüslər və 2040-cı ilədək Baş plana əsaslanan şəhərsalma proqramı Zəngilanı Cənubi Qafqazın yeni iqtisadi, ekoloji və logistik mərkəzinə çevirir.

Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının mühasibi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2025