Mobil versiya
İmperiyalar arasında bir azadlıq adası: Qarapapaq Türkləri
Tarix: 28-04-2026 | Saat: 11:58
Bölmə:Karusel / Özəl / Qərbi Azərbaycan / Yazar3 | çapa göndər

İmperiyalar arasında bir azadlıq adası:
II HİSSƏ
Yazının I hissəsini bu linkdən oxuya bilərsiniz.
https://aia.az/123382-imperiyalar-arasinda-bir-azadliq-adasi.html


Səfəvi ruhundan müstəqil respublikaya: Böyük qayıdışın mənəvi zəmanəti


Böyük tarixçi İsgəndər bəy Münşinin "Tarix-i aləmaray-i Abbasi" əsəri bu xalqın kökünü təşkil edən Qızılbaş tayfa birliklərinin fəaliyyəti haqqında təkzibedilməz faktlar təqdim edərək, bütün türk tayfalarını "Səfəvi dövlətinin sütunları" kimi xarakterizə edir. Qarapapaqların birbaşa əcdadları sayılan Borçalı, Qazaxlı və Şəmsəddinli tayfa başçılarının adları bu əsərdə "Böyük Əmirlər" siyahısında fəxrlə çəkilir; onlar hərbi xidmətləri müqabilində dövlətdən geniş torpaq payları (tiyullar) alan, bölgənin həm hərbi, həm də siyasi idarəçiliyini əlində saxlayan həqiqi bir hərbi aristokratiya idilər.
Şah Abbasın uzaqgörən siyasəti nəticəsində bu ellər imperiyanın ən strateji nöqtələrinə yerləşdirilmişdi ki, onlar həm Osmanlı, həm də şimaldan gələn təhdidlərin qarşısında sarsılmaz bir canlı "sipər" vəzifəsini yerinə yetirirdilər. Münşi bu insanların həm dinc yaylaq-qışlaq həyatını, həm də müharibə təhlükəsi yaranan kimi bir anda nizami və məğlubedilməz bir orduya çevrilmək qabiliyyətini heyranlıqla təsvir edir. Onlar başlarına qoyduqları on iki dilimli qırmızı tacla tarixin ən böyük hərbi-siyasi güclərindən biri kimi möhürləniblər. Bu tarixi faktlar sübut edir ki, Qarapapaq keçmişi sadəcə bir etnoqrafik rəngarənglik deyil, imperiyanın quruluşunda, müdafiəsində və idarə olunmasında birbaşa həlledici rol oynamış bir elit təbəqənin şanlı tarixidir.
Qarapapaqların tarixindəki ən qanlı və ən ağrılı səhifə isə 1944-cü ilin amansız payızında, Stalinin repressiya maşını onları hədəfə alarkən yazıldı. Minlərlə günahsız ailə bir gecənin içində ata-baba yurdlarından, isti ocaqlarından qoparılaraq soyuq dəmir vaqonlarda Qazaxıstanın, Özbəkistanın və Qırğızıstanın kimsəsiz, amansız çöllərinə sürgün edildilər. Bu, sadəcə bir köç deyil, bir xalqın ruhunu sındırmaq, yaddaşını silmək cəhdi idi.

Lakin sürgün yerlərində ən ağır, ən insanlıqdan kənar şəraitdə yaşamağa məhkum edilsələr də, onlar orada da öz türk mənliyini, sazını və sözünü itirmədilər; əsrlik şahidlər hər fürsətdə Göyçənin dumanlı dağlarını, Arpaçayın kənarındakı yaylaqları və Səfəvi babalarının qəhrəmanlıqlarını dastan kimi nağıl edərək milli yaddaşı diri tutdular. Digər tərəfdən, Türkiyədə, xüsusən Qars və Ərzurum bölgələrində yaşayan Qarapapaq icmasının böyük əksəriyyətinin zamanla sünni (hənəfi) məzhəbinə meyil etməsi, onların Osmanlı imperiyasının mənəvi-siyasi mühiti ilə uzunmüddətli inteqrasiyasının və yaşadıqları sərhəd reallığının təbii bir nəticəsidir. Bu gün Qarsda "Azəri" dedikdə şiə-cəfəri inanclı türklər, "Tərəkəmə" dedikdə isə sünni-hənəfi inanclı qarapapaqlar nəzərdə tutulur ki, bu da regional sosiologiyanın maraqlı bir təzahürüdür. İrandakı Sulduz (Naqada) Qarapapaqları isə özlərinin kompakt yaşayış şəraiti sayəsində özünəməxsus dialektlərini ən saf şəkildə qoruyan, Səfəvi-Qızılbaş irsinə bu gün də ən yüksək dərəcədə sadiq qalan canlı bir tarixi icmadır.


Qarapapaq türklərinin (tərəkəmələrin) adət-ənənələri və zəngin folkloru, onların minillik köçəri ruhunun, qəhrəmanlıq ənənələrinin və Səfəvi-Qızılbaş dəyərləri ilə yoğrulmuş mənəviyyatının möhtəşəm bir vəhdətidir. Bu xalqın həyat tərzi tarixən yaylaq və qışlaq arasında keçən, təbiətin ritmi ilə tənzimlənən yarım-köçəri bir nizam üzərində qurulmuşdur ki, bu da onların əsas məşğuliyyəti olan qoyunçuluq və atçılıqla birbaşa bağlı idi; köçəri həyatın simvolu sayılan və kənd evlərinə nisbətən daha çevik şəkildə qurulub sökülə bilən alaçıqlar, yəni "yurdlar" bu insanların həm sığınacağı, həm də azadlıq eşqinin mənəvi ocağı olmuşdur. Türklərə xas olan sarsılmaz qonaqpərvərlik ənənəsi Qarapapaq icmasında elə bir zirvəyə çatmışdır ki, tanınıb-tanınmamasından asılı olmayaraq, qapıdan girən hər bir kəs Tanrı qonağı sayılmış və süfrənin ən bərəkətli nemətləri onun önünə düzülmüşdür. Bu mühitdə formalaşan aşıq sənəti Qarapapaqların ruhunu yaşadan əsas damardır; burada saz sadəcə musiqi aləti deyil, bir müqəddəs əmanət, bir Qızılbaş sancağı kimi qəbul edilmişdir. Göyçə, Borçalı, Ağbaba-Çıldır aşıq məktəbləri türk dilinin saflığının, fəlsəfəsinin və tarixinin qorunduğu canlı akademiyalardır ki, toy, bayram və məclislərin baş tacı olan saz şairləri "Koroğlu", "Əsli və Kərəm" kimi epik dastanlarla yanaşı, özünəməxsus yerli hekayələri də nəsillərdən-nəsillərə ötürərək milli kimliyi hifz etmişlər. Xalqın enerjisini, cəldliyini və köçəri həyatın sürətini əks etdirən məşhur "Tərəkəmə" rəqsi balaban, zurna və nağaranın sədaları altında ruhu coşdurur, üç gün üç gecə davam edən toy mərasimlərində at üstündə gəlin gətirmə, nişan və xına gecələri kimi rituallar türkün qədim ailə institutunun sarsılmazlığını nümayiş etdirir. Dini inanclarda klassik İslam dəyərləri ilə qədim türk rituallarının sintezi özünü xüsusilə Novruz bayramında büruzə verir; odun qalanması, papağın ucalıq rəmzi olaraq qapılara atılması, səməni qoyma və qapı pusma kimi ənənələr Qərbi Azərbaycan torpaqlarında türkün əzəli yaddaşının sönməyən nişanələridir. Qarapapaq kişisi üçün geyimin ən müqəddəs parçası olan qara quzu dərisindən tikilmiş uca papaq isə sadəcə bir baş geyimi deyil, namusun, ləyaqətin və cəngavərliyinin simvoludur; onu yerə düşürmək və ya başdan salmaq böyük bir rüsvayçılıq, onu qürurla daşımaq isə Səfəvi-Qızılbaş irsinə və ata yurduna olan sarsılmaz sadiqlik andıdır.
Türkiyənin Qars, Ərdəhan və İğdır bölgələrinə müxtəlif tarixi dövrlərdə köç etmiş Qarapapaq türkləri (tərəkəmələr), burada Anadolu türklüyünün ən rəngarəng, ən dinamik və ən döyüşkən hissəsini formalaşdıraraq, öz qədim mədəniyyətlərini yeni bir vətən sevgisi ilə qovuşdurmuşlar. Bu gün Türkiyədə fəaliyyət göstərən çoxsaylı "Tərəkəmə Dərnəkləri" sadəcə bir ictimai təşkilat deyil, həm də gənc nəslin öz ulu köklərini unutmaması, əcdadlarının keçdiyi şanlı yolu mənimsəməsi üçün böyük mənəvi missiya yerinə yetirirlər; hər il coşqu ilə təşkil olunan yaylaq festivalları, aşıqların sönməyən deyişmələri və coşqun folklor rəqsləri Qarapapaq ruhunu Anadolunun bağrında dirildir və bu insanlar Türkiyənin dövlət, hərbi və cəmiyyət həyatında ən yüksək mövqelər tutsalar da, öz etnik kimlikləri ilə hər zaman qürur duyaraq Azərbaycan ilə Türkiyə arasında sarsılmaz, canlı bir mədəni-mənəvi körpü rolunu oynayırlar. Onlar "iki dövlət, bir millət" şüurunun ən səmimi, ən alovlu daşıyıcıları kimi çıxış edirlər.

Qərbi Azərbaycana qayıdış konsepsiyası baxımından bu adətlər sadəcə keçmişin xatirəsi deyil, həmin torpaqlarda türkün mənəvi mülkiyyət hüququnun toxunulmaz sənədidir və bu zəngin folklor yaddaşı bizi qaçılmaz olaraq Göyçənin, Ağbabanın və Borçalının doğma yaylaqlarına aparan yolun mənəvi zəmanətidir.

Qarapapaq türklərinin yetişdirdiyi görkəmli şəxsiyyətlər təkcə bir elin övladları deyil, bütövlükdə Qafqazın, Türkiyənin və İranın siyasi, ədəbi və elmi xəritəsini cızan, türk ruhunun intellektual və hərbi qüdrətini dünyaya bəyan edən titanlardır. Bu cəsur və müdrik insanlar silsiləsində hərbi-siyasi iradənin simvolu kimi boylanan Emin Ağa Acalov və Sədrəddin Axundov kimi simalar, 1917-1918-ci illərin fırtınalı dönəmində Cənub-Qərbi Qafqaz Hökumətinin (Qars Respublikasının) qurulmasında və Borçalıdan Qarsa qədər uzanan türk torpaqlarının müdafiəsində sarsılmaz sipər olmuşlar; onların müstəqillik eşqi və dövlətçilik təfəkkürü Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, uzaqgörən hüquqşünas Qara bəy Qarabəyovun simasında milli istiqlal hərəkatımızın ən möhkəm dayaqlarından birinə çevrilmişdir. Mənəviyyat və mədəniyyət zirvəsində isə bütün türk dünyasının "Dədə"si sayılan, yaradıcılığı ilə Qarapapaq-Tərəkəmə dialektini ədəbi dilin ən uca məqamına qaldıran Aşıq Ələsgər dayanır; onun sazının sədası Göyçə mahalının hər daşında əks-səda verdiyi kimi, Borçalı Tərəkəmələrinin yetirməsi olan görkəmli kinorejissor Həsən Seyidbəyli və Türkiyə ədəbi mühitində Qarapapaq ruhunu yaşadan Hüseyn İzzəti kimi sənətkarların əsərlərində də bu elin estetik dünyagörüşü ölməzlik qazanmışdır. Elmi təfəkkürün işığında isə Borçalı Qarapapaqlarının dil və folklor xəzinəsini ilk dəfə sistemli şəkildə araşdıran türkoloq Ziyəddin Tağıyev və maarifçilik hərəkatının fədaisi Teymur Bayraməliyev kimi ziyalılar xalqın yaddaşını elmi müstəviyə daşıyaraq gələcək nəsillər üçün sarsılmaz bir bilgi bünövrəsi qoymuşlar.


Emin Ağa Acalov



Qarapapaq türklərinin dövlətçilik tarixinin altun səhifələrindən biri, heç şübhəsiz, 1918-1919-cu illərdə Qars, Ərdəhan, Batum, Sarıkamış və Borçalı torpaqlarını əhatə edən, tarixdə Cənub-Qərbi Qafqaz Hökuməti kimi tanınan Qars Respublikasının qurulması və bu müstəqillik hərəkatında Qarapapaq elinin oynadığı həlledici roldur. 1918-ci ilin Brest-Litovsk sülh müqaviləsindən sonra Rusiya imperiyasının bölgədən çəkilməsi və Birinci Dünya müharibəsinin sonlarına doğru Osmanlı qoşunlarının geri dönmək məcburiyyətində qalması nəticəsində, bu torpaqların əzəli sahibi olan türkmən-qarapapaq əhalisi erməni və gürcü iddialarına qarşı sarsılmaz bir sədd çəkmək üçün öz müstəqil iradəsini bəyan etdi. Noyabrın sonunda Qarsda elan edilən bu respublika, əslində İsgəndər bəy Münşinin təsvir etdiyi "dövlətin sütunları" olan Qızılbaş-Türk tayfalarının 20-ci əsr tarixinə vurduğu müstəqillik möhürü idi; çünki respublika əhalisinin mütləq çoxluğunu və hərbi gücünü məhz Borçalıdan Qarsa qədər uzanan Qarapapaq tərəkəmələri təşkil edirdi. Borçalıda Qarapapaqların böyük lideri olan Emin Ağa Acalovun başçılığı ilə bu el respublikanın hərbi və siyasi onurğa sütununa çevrildi; Emin Ağa Acalov və Sədrəddin Axundov kimi liderlər parlamentdə və hökumətdə fəal iştirak edərək, yerli türklərin öz müqəddəratını təyinetmə haqqını bütün dünyaya nümayiş etdirdilər. Qarapapaq döyüşçüləri respublika ordusunun əsas nüvəsini formalaşdıraraq, erməni daşnak dəstələrinin hücumlarından kəndləri və şəhərləri canları bahasına müdafiə edərək türkün bu torpaqlardakı qədim sahiblik hüququnu qanla möhürlədilər. Lakin 1919-cu ilin aprelində Britaniya qüvvələrinin müdaxiləsi və hökumət rəhbərlərinin, o cümədən Qarapapaq liderlərinin xəyanətlə həbs edilərək Malta adasına sürgünə göndərilməsi bu qısaömürlü, lakin möhtəşəm dövlətçilik təcrübəsinin süqutuna səbəb olsa da, mübarizə ruhu heç vaxt sönmədi.


Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində Qarapapaq türklərinin tarixi irsi müstəsna əhəmiyyət kəsb edir. Göyçədə, Ağbabada, Zəngibasarda, Dərələyəzdə, Loru qalası ətrafında, Vedi və Vedibasar kəndlərində Qarapapaqların yaratdığı maddi və mənəvi mədəniyyət, bizim o torpaqların əbədi və əzəli sahibi olduğumuzun ən böyük sübutudur. Onların ucaltdığı hər bir qala, oxuduğu hər bir bayatı, saza gətirdiyi hər bir hava həmin torpaqların türk ruhunun sənədidir.

Qayıdış konsepsiyası sadəcə siyasi bir hədəf deyil, həm də Qarapapaq türklərinin Göyçə yaylaqlarında kəsilmiş saz səsini yenidən bərpa etmək, tərəkəmə ellərinin ata yurduna olan müqəddəs borcunu qaytarmaqdır. Bu tarix, didərgin düşmüş hər bir soydaşımız üçün qayıdış yolunun mənəvi işığıdır. Bizim qayıdışımız İsgəndər bəy Münşinin təsvir etdiyi "dövlətin sütunlarının" yenidən öz yerinə dikilməsi, Qafqazdakı qədim türk ekosisteminin tam şəkildə bərpası deməkdir. Bu konsepsiya, Qarapapaq-Tərəkəmə ruhunun öz doğma sularının kənarında yenidən gül açması üçün tarixi bir zərurətdir.
Qarapapaq türklərinin ruhunu tam mənası ilə anlamaq üçün onların sazına qulaq kəsilmək, o tellərin iniltisindəki həqiqəti eşitmək lazımdır; Göyçə və Borçalı aşıq mühitləri sadəcə musiqi ocaqları deyil, həm də türk dilinin saflığının, fəlsəfəsinin və tarixinin qorunduğu canlı akademiyalardır. Sazın hər pərdəsində o qədim Səfəvi ruhu, Şah İsmayıl Xətainin hikmətli nəfəsi və ulu babaların döyüşkən vüqarı əks olunur. Ağbabalı aşıqlar- Aşıq Heydər, Aşıq Nəsib və Aşıq İsgəndər Ağbabalı kimi ustadların dastanları bu xalqın mənəviyyat pasportudur.



Qarapapaq süfrəsi — məşhur tərəkəmə xəngəli, bərəkətli pendiri və təbii süd məhsulları — onların qonaqpərvər, mərd və geniş xarakterinin ən dadlı təzahürüdür. Hazırda onlar dünyanın müxtəlif ölkələrinə səpələnmiş halda yaşasalar da, bu xalq harada yaşamasından asılı olmayaraq, özünəməxsus adət-ənənələrini, dialektini və sarsılmaz iradəsini qoruyub saxlayan canlı bir abidədir. Tarixi faktlar və nəsillərdən-nəsillərə ötürülən xatirələr göstərir ki, bir xalqın papağını başından salmaq, torpağını əlindən almaq olar, amma onun yaddaşındakı o uca "Qara" kimliyi və qəlbindəki "Qırmızı" sadiqliyi silmək əsla mümkün deyil. Bu qətiyyət isə bizi qaçılmaz olaraq Göyçəyə, Şörəyelə, Ağbabaya, Vedibasara, Loru-Pəmbəyə və bütövlükdə Qərbi Azərbaycana aparan o böyük qayıdış yolunun mənəvi zəmanətidir.

MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT SİYAHISI
• İsgəndər bəy Münşi. Tarix-i aləmaray-i Abbasi (Dünyanı bəzəyən Abbasın tarixi). Fars dilindən tərcümə edən: Şahin Fərzəliyev. Bakı: Şərq-Qərb nəşriyyatı, 2010.
• Kırzıoğlu, M. Fahrettin. Kars Tarihi, I. Cilt. İstanbul: Işıl Matbaası, 1953.
• Kırzıoğlu, M. Fahrettin. Yukarı Kür ve Çoruk Boylarında Kıpçaklar. Ankara: Türk Tarih Kurumu Yayınları, 1992.
• Caferoğlu, Ahmet. Doğu İllerimiz Ağızlarından Toplamalar. İstanbul: Türk Dil Kurumu Yayınları, 1943.
• Əfəndiyev, Oqtay. Azərbaycan Səfəvilər Dövləti. Bakı: Şərq-Qərb nəşriyyatı, 2007.
• Sümer Faruk. Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü. Ankara: Türk Tarih Kurumu Yayınları, 1992.
• Mədəd Çobanov. Borçalı mahalının toponimikası. Bakı: Azərnəşr, 1993.
• Şamil Qurbanov. Borçalı. Bakı: Azərbaycan Ensiklopediyası Nəşriyyatı, 1998.
• Zəlimxan Yaqub. Sazın, sözün Göyçə ocağı. Bakı: Adiloğlu nəşriyyatı, 2004.
• Тройницкий, Н. А. (ред.). Первая всеобщая перепись населения Российской империи 1897 г. Т. 64, 71. Санкт-Петербург, 1904-1905.

Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2026