Mobil versiya
Mürəkkəb xarakterli rollar ustası... - Fuad Biləsuvarlı yazır
Tarix: 24-05-2025 | Saat: 08:30
Bölmə:Özəl | çapa göndər

Mürəkkəb xarakterli rollar ustası...

Ramiz Novruz - 70

Bir aktyorun dilindən eşitmişəm: səhnənin çox güclü cazibə qüvvəsi var. Ona öyrəşdin, ayrılmaq çox çətindir. Yəqin elə buna görədir ki, talelərini teatrla, səhnə ilə bağlayan kəslər özlərini bu sahədən kənarda təsəvvür edə bilmirlər.

Mürəkkəb xarakterli bir çox rolların ifaçısı, Azərbaycanın xalq artisti Ramiz Novruz da məhz, belə sənətkarlardandır.
Deyirlər ki, həyat bir tamaşadır. Hər kəs bütün həyatı boyu bu tamaşada öz rolunu oynayır.

40 ildən çoxdur ki, səhnədə külüng vuran, səhnə ilə nəfəs alan, bütün ağrı-acılarını , qayğılarını səhnədə unudan Ramiz Novruz, bu illər ərzində yaratdığı obrazlarda dərin tamaşaçı sevgisi qazanmışdır.

Səhnə həyatı 1978 - ci ildən başlanır.
Həmin il Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini, görkəmli sənətkar Adil İsgəndərovun kursunu bitirən Ramiz Novruz təyinatla Hüseynqulu Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilir. Təhsil illərində əxz etdiyi biliklər, az-çox qazandığı təcrübə və bir də ürəyində gəzdirdiyi səhnə eşqi ona yeni kollektivə tez alışmağa kömək edir.

M. Lermontovun "Maskarad" tamaşasında yaratdığı knyaz rolu səhnəyə yeni istedadın gəlişindən xəbər verir. İlk rolun ayağı uğurlu olur. Yeni rollar, yeni ifalar...

1981 - ci ildə respublikanın teatr məbədinə - Azərbaycan Akademik Milli Dram Teatrına dəvət alanda artıq Ramiz Novruzun adı çox afişaları bəzəyirdi. Həm də bu, çox böyük etimad idi. Bu teatr məbədində adı dillər əzbəri olan sənətkarlarla səhnəni bölüşmək gənc aktyoru həm sevindirir, həm də həyəcanlandırırdı.

Ancaq deyəsən rejissorlar Ramiz Novruzdakı istedadı, sənət yanğısını hiss etmişdilər. Bu teatrda ona bir-birindən mürəkkəb rollar tapşırılır və Ramiz Novruz rejissorların etimadını doğrulda bilir.

Elə təkcə böyük dramaturq İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan", "Şeyx Xiyabani" , "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz", "Hökmdar və qızı" tamaşalarında rol alması onun böyük uğuru idi.

O illərdə teatrda bu tamaşalar çox böyük anşlaqla keçirdi. Və hər tamaşa uzun bir səhnə həyatı yaşamışdı.

Daha sonra Ramiz Novruz V. Şeksprin "Maqbet"ində Seyton, "Kral lir"ində Edmund, Hüseyn Cavidin "İblis"ində, İbn Yəmin, Bəxtiyar Vahabzadənin "Fəryad"ında Loğman obrazlarını böyük ustalıqla tamaşaçılara təqdim etdi.

1993 - cü ildə Ramiz Novruzun "Əməkdar artist" fəxri adına layiq görülməsi teatr həvəskarları tərəfindən sevinclə qarşılandı. Çox çəkmədi ki, teatr afişalarında Ramiz Novruz adının qarşısında "Əməkdar artist" adı, "Xalq artisti" adı ilə əvəz olundu.

Azərbaycanın xalq artisti Ramiz Novruza şöhrət gətirən rollardan biri də onun "Sizi dünyalar qədər sevirdim" filmində yaratdığı general Həzi Aslanovun obrazıdır. Ramiz Novruz qəhrəman eloğlumuzun obrazını böyük sənətkarlıqla yaradaraq onu tamaşaçılara sevdirə bilmişdir.

Ramiz Novruz "At ilinin birinci ayı", " Hələ sevirəm deməmişdilər" kimi pyeslərin də müəllifidir. Hər iki tamaşa istedadlı rejissor Bəhram Osmanovun rejissorluğu ilə tamaşaya qoyulmuşdu.

Prezident mükafatı laureatı Ramiz Novruzun rol aldığı bir çox teleseriallara da tamaşaçı marağı böyük idi. "Qız atası", "Vicdan haqqı" teleserialları bu qəbildəndir.

Xalq artisti Ramiz Novruz yaradıcılığının kamil dövrünü yaşamışdı. Qarşıda onu hələ çox rollar, sədaqətli tamaşaçı alqışları gözləyirdi.
Əfsus, min əfsus ki, amansız ölüm onun saysız arzularını yarımçıq qoydu. Amma bir təsəlli var—hər sənətkar keçdiyi mürəkkəb yolda özünə məxsus parlaq sənət dünyası yarada bilmir. Lakin Ramiz Novruz təkcə öz sənət dünyasını qurmadı, həm də “Ramiz Novruz məktəbini” yaratdı.
O, ürəklərin sarı siminə toxunan teatrın və kinomuzun canlı əfsanəsinə çevrildi. Hər bir obrazını sanki yaşayırdı—elə buna görə də bütün rolları təbii idi, gerçək idi, doğma idi.

Xalq artisti Ramiz Novruzu 70 illik yubileyində fiziki yoxluğuna baxmayaraq yad edirik. Amma o ruhən hələ də bizimlədir. Azdramaya daxil olanda elə bil yenə qarşımıza çıxacaq, səhnədəki ecazkar oyunuyla tamaşaçılarını valeh edəcək. Onun yoxluğu hiss edilsə də, sənəti hələ də bu məkanın hər guşəsində yaşayır.

Bu gün onun yoxluğu yalnız ailəsi üçün deyil, sənət dostları üçün də çətindir. Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Məleykə Əsədova, Sənubər İsgəndərli hələ də onu unuda bilmirlər. Keçdikləri çətin sənət yolunu yad edərkən, onunla bağlı xatirələrini bölüşürlər.

Budur, gerçək sevgi—budur, özündən sonra iz qoymaq! Nəinki Ramiz Novruzun şəxsiyyətini, onun bənzərsiz obrazlarını da unutmayacağıq. Gənc sənətkarlar onun çəkilmiş filmlərinə baxıb, ondan öyrənəcəklər.

Onun yaratdığı obrazlar zamanla unudulmayacaq. Çünki o, sadəcə rollar ifa etmirdi—o, həyatın özünü səhnəyə gətirirdi. Onun sənəti, onun irsi gələcək nəsillərə ilham verəcək, yeni aktyorlar onun yolunu davam etdirəcək. Ramiz Novruzun adı Azərbaycan teatr və kino tarixinin yaddaşında əbədi qalacaq. Onun rolları isə sənətsevərlər tərəfindən həmişə dərin ehtiramla qarşılanacaq.

Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025