Mobil versiya
Səhnədə keçən ömür...- Fuad Biləsuvarlı yazır
Tarix: 24-05-2025 | Saat: 09:49
Bölmə:Ölkə | çapa göndər



Səhnədə keçən ömür...- Fuad Biləsuvarlı yazır

Adətən biz tamaşaçılar sevdiyimiz aktyorların səhnə həyatlarını, filmlərdə yaratdığı obrazları görürük, sevirik.
Amma, belə sənət adamlarının səhnə və kadr arxası həyatları da çox maraqlıdır.

Bütün ömrü səhnədə keçən sevimli xalq artistimiz Fuad Poladov haqqında bu qeydləri yazmağa başlayanda, onun sədaqətli ömür-gün yoldaşı Gülüstan xanımın bir jurnalistə verdiyi bir müsahibə qarşıma çıxdı.




Çox maraqla oxudum bu müsahibəni və Fuad Poladovu sanki yenidən "kəşf etdim".
Gülüstan xanım həmin müsahibəsində qeyd edirdi ki, "o, səhnədə bir cür, ailədə isə tamamilə başqa adam idi.

Tanışlığımız Azərbaycan Dövlət İncəsənət Universitetində bir yerdə işlədiyimiz illərdə başlamışdı.
Sanki tale yollarımız birləşdi, ailə qurduq.

Fuad suniliyi sevməzdi.
Ən başlıcası, onun qərarları müzakirə olunmazdı.
Dedisə, qurtardı. Deməli, əməl olunmalıdır.

Mən də, övladları da belə öyrəşmişdik, bu qayda-qanunu pozmurduq.
Çox ailəcanlı idi.

Uşaqlarını, ailəsini çox sevirdi.
Bəlkə inanmazsınız, mən bir ev xanımı kimi dükan-bazar üzü görməmişdim.
Mənə əziyyət olmasın deyə, işi çox olmasına baxmayaraq, bu işi də öz üzərinə götürmüşdü.
Belə adam idi Fuad.

Qəribə xüsusiyyətləri ilə həmişə bizi təəccübləndirirdi.
Bir misal gətirim, toyumuzda video, şəkil çəkilməsinə heç icazə vermədi.

Heç kəs də dərinə getmədi.
Dedisə, deməli qurtardı.

İfa edəcəyi rolların sözlərini özü əli ilə yazmalı idi.
Ona belə rahat idi.
Bir də məşqləri harada oldu edirdi:

Mətbəxdə, qonaq otağında, lap elə parkda əylənəndə.
Bəlkə də ona belə rahat idi.

Bir də vəsiyyət etmiş, mənə ciddi-ciddi tapşırmışdı:
"Məni Azdramadan yox, evimdən götürsünlər, başdaşıma isə şəkilim vurulmasın..."

Gülüstan xanım vəfalı ömür yoldaşı kimi onun bu "şıltaqlıqlarına" səbrlə dözmüşdü.
O, Fuadı həm aktyor, həm də ömür dostu kimi çox sevirdi.

Gözəl may günlərindən birində Bakıda dünyaya göz açmış Fuad Poladov böyük səhnəyə erkən yol açmışdı.
1966-cı ildə çəkilmiş "İstintaq davam edir" filmində rol aldığı Səlim bəy obrazı onun gələcək həyat yolunu müəyyən etmişdi.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alaraq dram və kino aktyorluğu ixtisasına yiyələnmişdi.
Görkəmli sənətkar Adil İsgəndərov studiyasının ən fəal və bacarıqlı üzvlərindən biri olmuşdu.

Onun necə bir istedad sahibi olduğunu hamı görür və duyurdu.
Fuad sanki səhnə üçün doğulmuşdu.

Elə bu bacarığına görə tanınmış rejissor, səhnə müəllimi Tofiq Kazımov tamaşaya qoyduğu "Məhv olmuş gündəliklər" (İlyas Əfəndiyev) tamaşasında Fuadı Savalan roluna dəvət etmişdi.
Və bu ifadan sonra Fuad Poladov Akademik Milli Dram Teatrının truppasına daxil edilmişdi.

Düz 20 ildən çox bu səhnədə o, bir-birindən maraqlı, rəngarəng obrazlar yaratmışdı.
Bu obrazlar onu tamaşaçılara sevdirmiş, aktyora böyük hörmət və nüfuz qazandırmışdı.

"Məkr və məhəbbət"də Ferdenand,

"Məhəbbət əfsanəsi"ndə Fərhad,

"Qılınc və qələm"də Nizami,

"Kərgədan buynuzu"nda Rauf,

"Musyo Jordan və Məstəli şah"da Şahbaz bəy,

"Darıxma, ana"da Afdandil,

"Təhminə və Zaur"da Zaur,

"Yağışdan sonra"da Cığatay...

Bu siyahını çox uzatmaq olar...

Bu obrazların hər birində Fuad Poladovun gərgin əməyi, öz dəsti-xətti vardı.
Sonra da tale onu Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsinə gətirib çıxarmışdı.

Bu teatrın səhnəsində də yaratdığı misilsiz obrazlar onu tamaşaçılara sevdirmişdi.
"Tənha kişi üçün tələ" tamaşasında Daniel,

"Kölgələrin axınında" Yuli Sezar,

"Fransızsayağı ailə"də Stefan,

"Əlçatmaz qadın"da Həkim Kornis,

"Albalı bağı"nda Lopaxın...

Onun uğurlu ifaları idi.

Fuad Poladov özünə qarşı çox tələbkar idi.
Səhnə onun üçün hər şey idi.
Sanki səhnə ilə nəfəs alırdı.
Təsadüfi deyil ki, 70 illik ömrünün yarım əsrdən çoxu elə bu səhnələrdə, çəkiliş meydanlarında keçmişdi.

1988-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülmüşdü.
Cəmi 5 il sonra "Xalq artisti" fəxri adını almışdı.

Fuad Poladovun neçə-neçə mötəbər mükafatları vardı.

"Aktrisa" filmində kişi rolunun ifası nominasiyasında "Qızıl pəri" mükafatına sahib olmuşdu.
Hər aktyor çox gənc yaşlarından belə yüksək titullara layiq görülmür.

Fuad Poladov isə öz fitri istedadı, hədsiz zəhməti və peşəkarlığı ilə bu adlara layiq idi.
Bu adlar ona çox yaraşırdı.
Xalq artisti Fuad Poladovun rol aldığı filmlər qaleriyasına nəzər salanda adam heyrətə gəlir.

Təxminən 50-yə yaxın filmdə yaratdığı obrazlar onu kino tamaşaçılarına da sevdirmişdi.

"Ad günü"ndə Nizami,

"Axırıncı dayanacaq"da Davud,

"Aktrisa" filmində Vaqif,

"Atayevlər ailəsi"ndə Şahsuvarov,

"Əlvida cənub şəhəri"ndə Fariz,

"Qara Volqa"da Səlimzadə,

"Qayınana"da Ayaz,

"Təsadüfi görüş"də Murad...

Hamısında da Fuad Poladovun öz dəsti-xətti vardı.
Həyat vəfasızdır.
Hər kəs öz ömür payını yaşayıb, Haqq dünyasına qovuşur.
Ancaq özündən sonra sözü və izi qalanlar xoşbəxt adamlardır.

Sevimli aktyorumuz onu tanıyan, sevən tamaşaçıları tərəfindən tez-tez xatırlanır.

Bu da böyük sənətkarın layiqli qismətidir.
Səhnədə, kino filmlərdə, elə həyatda da unudulmaz Fuad Poladovun sənət izləri qalıb...

Ruhu şad olsun!

Müəllif:Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025