Mobil versiya
Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini gündən-günə daha da möhkəmləndirir
Tarix: 05-06-2025 | Saat: 13:09
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini gündən-günə daha da möhkəmləndirir

İyunun 2-də Bakı Ekspo Mərkəzində öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər Azərbaycanın qlobal enerji gündəliyini müəyyənləşdirən əsas aktorlardan olduğunu bir daha nümayiş etdirir. Rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev enerji sahəsində əldə olunan nailiyyətləri və gələcəyə dair prioritetləri əhatəli şəkildə təqdim edib.

Azərbaycanın çoxvektorlu və praqmatik enerji strategiyası istər siyasi, istər sosial-iqtisadi, istərsə də digər sahələrdə mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirib. Məlum olduğu kimi, ölkəmizdə ilk neft-qaz sərgisi 1994-cü ildə keçirilib, ardınca isə enerji sahəsində dönüş nöqtəsi olan və “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq saziş imzalanıb. Bütün bunlar təkcə iqtisadi deyil, həm də siyasi müstəqilliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Hazırda neft və qazın Azərbaycanın ÜDM-dəki payı 30 faizdən artıqdır. Ölkənin xarici borcu ÜDM-in 7 faizindən aşağı, maliyyə ehtiyatları isə borcu 14 dəfə üstələyir. Bu göstəricilər həm iqtisadi sabitlik deyil, həm də təbii resursların düzgün idarə olunmasının göstəricisidir. Eyni zamanda, yoxsulluğun 5 faizə enməsi, savadlılıq səviyyəsinin 100 faizə çatması kimi sosial göstəricilər enerji gəlirlərinin cəmiyyətin rifahı üçün effektiv yönləndirildiyini sübut edir. Dövlətimizin təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Xəzər dənizindən Aralıq dənizi sahillərinədək uzanan 3500 kilometrlik bir enerji arteriyasıdır. Həmin layihə çərçivəsində Azərbaycan 12 ölkəyə qaz ixrac edir və bu coğrafiya genişlənməkdədir. Təbii qaz ixracı artıq 25 milyard kubmetrə çatıb, 2030-cu ilədək isə bu rəqəmin 8 milyard kubmetr artırılması planlaşdırılır. Sabit tranzit marşrutları və infrastruktur sərmayələri nəticəsində açıq dənizə çıxışı olmayan Azərbaycan artıq Avrasiyanın vacib enerji və nəqliyyat qovşağına çevrilib.

Bakı Enerji Həftəsinin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyəti olduqca böyükdür: “1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk addımlarını atıb. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə eyni vaxta təsadüf edib. Azərbaycanın enerji strategiyasının uğurlu nəticələrini şərtləndirən əsas faktor ölkə iqtisadiyyatın şaxələndirilməsidir. Dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün vaxtında bütün zəruri addımlar atılıb. Sirr deyil ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli enerji strategiyasının Azərbaycanın müstəqil iqtisadi əsaslarının yaranmasına və ölkəmizin inkişafına xidmət edib. Çünki məhz bu tarixi addımlar fonunda Azərbaycan müstəqil iqtisadi, siyasi iradə nümayiş etdirməyə başladı. Sözsüz ki, o dövr üçün bu cür strateji qərarların qəbul edilməsi böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Yenicə müstəqillik qazanmış Azərbaycan müəyyən daxili gərginliklərdən yenicə xilas olmuş, Ermənistan hərbi təcavüzü nəticəsində ərazilərinin 20 faizi işğal edilmiş, 1 milyona yaxın vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilmişdi. Belə bir şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması, 1995-ci ildə isə müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük tarixi xidmətlərindəndir. Bu gün neft və qazın ölkənin Ümumi Daxili Məhsulda payı təqribən 30 faizdən çoxdur. Milli sərvətlərin ədalətli bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına nail olunub. Güclü ordu quruculuğu nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. İnsan kapitalına və təhsilə yatırılan maliyyə vəsaitləri gələcək rifahımızın sosial təminatı baxımından olduqca önəmlidir. Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilən Azərbaycan regionun enerji xəritəsinin yenidən formalaşmasında vacib rol oynayır. Azərbaycan öz tərəfdaşları ilə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edib. Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizini nümunə göstərmək olar. Azərbaycanın yaşıl enerji gündəliyi də olduqca böyük əhəmiyyətə malikdir. Bu gün Azərbaycan xarici investorlar üçün olduqca cəlbedici ölkələrdəndir. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla birlikdə yaşıl enerjiyə sərmayə qoyması günümüzün tələbidir. Enerji infrastrukturuna yatırılan investisiyalar Azərbaycanın praqmatik siyasətinə etibarın artmasının nəticəsində mümkün olub. Vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər bu gün yanıldıqlarını etiraf edirlər. Ölkəmiz COP29-un sədri olaraq bu istiqamətdə öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Azərbaycanın uğurlu COP29 sədrliyi dövründə qəbul edilən qərarların “Bakı sıçrayışı” adlandırılması heç də təsadüfi deyil. Bu Azərbaycanın enerji bazarındakı məsuliyyətindən və imkanlarından xəbər verir”.

Bakı Enerji Həftəsi bir daha nümayiş etdirir ki, Azərbaycan enerji sahəsində sadəcə resurs ixracatçısı deyil, həm də strateji düşüncəyə, dayanıqlı siyasətə və beynəlxalq tərəfdaşlıqlara əsaslanan yeni enerji təhlükəsizliyi modelinin təşəbbüskarıdır. Uğurlu enerji strategiyası ilə başlayan yolda yaşıl gələcəyə doğru inamla irəliləyirik.

Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025