Mobil versiya
“Heydər Əliyev irsi və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib -Fotolar
Tarix: 04-06-2026 | Saat: 17:12
Bölmə:Ölkə | çapa göndər

“Heydər Əliyev irsi və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı iyunun 4-də 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev irsi və müasir Azərbaycan” mövzusunda tədbir keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, müasir tariximizə Heydər Əliyevin möhtəşəm qayıdışı kimi daxil olan dövr Azərbaycanın iqtisadi inkişafı, insanların rifahının yüksəlməsi, ölkənin simasının müasirləşməsi, beynəlxalq nüfuzunun artması və ordumuzun qüdrətlənməsi ilə xarakterizə olunur. O qeyd edib ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixində yeni mərhələ başlanıb, ölkəni bürümüş siyasi böhran, xaos və anarxiya aradan qaldırılıb, vətəndaş qarşıdurmasının və separatizm meyillərinin qarşısı alınıb.
İlqar İlyasov vurğulayıb ki, həmin dövrdə Ermənistanın təcavüzünün daha da genişlənməsinin qarşısı alınmış, cəbhədə atəşkəsə nail olunmuş, dövlət müstəqilliyinin qorunması təmin edilmişdir. O, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ni Heydər Əliyevin uzaqgörən siyasətinin ən parlaq nümunələrindən biri kimi qiymətləndirərək, bu layihənin Azərbaycanın iqtisadi və geosiyasi mövqelərinin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
İlqar İlyasov bildirib ki, Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf edən Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlər qazanır. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza ataraq torpaqlarımızın işğaldan azad olunmasına, ölkəmizin ərazi bütövlüyünün və milli ləyaqətinin bərpasına nail olub.
Natiq həmçinin qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşların doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıdışı təmin edilir, regionların dayanıqlı inkişafı üçün möhkəm sosial-iqtisadi təməl yaradılır.
Bakı Mühəndislik Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edib, ölkəmizin müstəqilliyini möhkəmləndirib və hüquqi, demokratik dövlət quruculuğunun əsaslarını yaradıb. O vurğulayıb ki, Heydər Əliyevin ən mühüm xidmətlərindən biri siyasi varisliyin təmin olunmasıdır və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın qüdrətini və beynəlxalq nüfuzunu daha da artırır.
Şəhid Elgin Abbaslının atası Ağayar Abbasov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etdiyi, Ermənistanın işğalçılıq siyasətinə son qoyduğu və Qarabağla Şərqi Zəngəzurun azad edildiyi şanlı Zəfər kimi tarixə yazılıb. O qeyd edib ki, bu qələbənin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti dayanır.
YAP veteranı, rayon ziyalısı Varaşil Məmmədov çıxışında bildirib ki, Azərbaycanın müasir tarixini Heydər Əliyev şəxsiyyətindən ayrı təsəvvür etmək mümkün deyil. O, Ümummilli Lideri müstəqil Azərbaycan dövlətinin memarı və ölkəmizin uzunmüddətli inkişaf strategiyasının müəllifi kimi xarakterizə edib.
Şəhid, Milli Qəhrəman Qorxmaz Eyvazovun oğlu Asəm Eyvazov çıxışında qeyd edib ki, Heydər Əliyevin həyat yolu təkcə bir liderin taleyi deyil, bütöv bir xalqın dirçəliş və dövlət quruculuğu tarixidir. O bildirib ki, Ümummilli Liderin bütün fəaliyyəti Azərbaycan xalqına sonsuz sevgi və sədaqət üzərində qurulmuşdur.
Çıxış edən YAP Laçın rayon təşkilatının 46 saylı ərazi partiya təşkilatının sədri, rayon ziyalısı Aygün Kərimova bildirdi ki, müasir Azərbaycanın qurucu Ümummilli Lider Heydər Əliyevin ibrət dolu həyat hekayəsinin hər anı öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.
Tədbirdə YAP Laçın rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs fəxri fərmanlarla təltif olunub, partiya sıralarına yeni qəbul edilən üzvlərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2026