Mobil versiya
Avropanın iki nəhəngi toqquşdu
Tarix: 26-08-2026 | Saat: 22:37
Bölmə:Dünya | çapa göndər

Avropanın iki nəhəngi toqquşdu


Avropa İttifaqının öz sənayesini Çin və digər xarici rəqiblərdən qorumaq planı blokun iki ən böyük iqtisadiyyatını – Fransa və Almaniyanı qarşı-qarşıya qoyub. Mübahisənin mərkəzində Avropa istehsalına üstünlük verilməsini nəzərdə tutan “Made in Europe” prinsipi dayanır.

Bu barədə “Politico” yazır.

Müzakirələr Aİ-nin yeni Sənayenin Sürətləndirilməsi Aktı (Industrial Accelerator Act) ətrafında gedir. Ursula fon der Lyayen Komissiyasının əsas sənaye təşəbbüslərindən olan layihə Avropada istehsalı canlandırmaq, karbon emissiyalarını azaltmaq və Aİ sənayesinin xarici, xüsusilə subsidiyalaşdırılan Çin məhsullarından asılılığını zəiflətmək məqsədi daşıyır.

Layihəyə əsasən, dövlət satınalmalarında müəyyən həcmdə aşağı karbonlu və Avropa mənşəli məhsullardan istifadə edilməlidir. Məsələn, sement üçün 5, alüminium üçün 25 faizlik “Made in Europe” kvotası nəzərdə tutulur. Poladla bağlı isə mübahisə daha kəskindir. Aİ Şurasında müzakirə olunan kompromis variantında dövlət layihələrində istifadə edilən poladın azı 25 faizinin həm aşağı karbonlu, həm də Aİ mənşəli olması təklif edilir.

Məlumata əsasən, əsas qarşıdurma məhz Paris və Berlin arasında yaranıb.

Fransa “Made in Europe” tələblərinin daha sərt olmasını və Avropa istehsalçılarının Çin və digər ölkələrin ucuz, dövlət tərəfindən subsidiyalaşdırılan məhsullarından qorunmasını istəyir. Paris bunu Avropa sənayesinin dirçəldilməsi üçün mühüm vasitə hesab edir.

Almaniya isə daha ehtiyatlı mövqe tutur. İxracdan ciddi şəkildə asılı olan Berlin qorxur ki, Aİ-nin proteksionist tədbirləri ABŞ, Çin və digər ticarət tərəfdaşlarının cavab addımlarına səbəb ola və nəticədə Avropa, xüsusilə Almaniya şirkətlərinə zərbə vura bilər.

Məsələ Vaşinqtonla münasibətlər baxımından da həssasdır. Avropa poladına daha sərt üstünlük verilməsinin ilkin layihəyə salınmamasının səbəblərindən biri ABŞ administrasiyası və böyük polad ixracatçısı Hindistanla yeni ticarət qarşıdurmasından çəkinilməsi olub.

Aİ-nin qarşısında beləliklə çətin seçim dayanır: Avropa bazarını xarici rəqabətdən daha sərt qorumaq, yoxsa cavab ticarət müharibəsi riskindən yayınmaq. Fransa birinci yolu, Almaniya isə daha ehtiyatlı və açıq ticarət xəttini müdafiə edir.

Mübahisənin payızda daha da kəskinləşəcəyi gözlənilir. Yeni qanunun yekun variantı həm Avropa Parlamentində, həm də üzv dövlətlər arasında razılaşdırılmalıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026