Mobil versiya
Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası.
Tarix: 24-05-2025 | Saat: 19:25
Bölmə:Siyasət | çapa göndər

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası.

1918-ci il 28 may tarixində Azərbaycan xalqının tarixində misilsiz bir dönüş nöqtəsi baş verdi. Uzun əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamış xalqımız, nəhayət ki, öz azad və müstəqil dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini (AXC) qurdu. Bu, təkcə Azərbaycan üçün deyil, bütün Şərq üçün mühüm bir hadisə oldu. Çünki AXC Şərqdə ilk dəfə olaraq demokratik, hüquqi və dünyəvi əsaslar üzərində qurulmuş parlament respublikası idi.
AXC-nin formalaşdırdığı dövlət strukturu müasir anlamda hüquqi dövlət modelinə uyğun gəlirdi. Dövlət hakimiyyəti qanunverici (parlament), icraedici (hökumət) və məhkəmə qollarına bölünmüşdü. Parlamentdə yalnız azərbaycanlılar deyil, həmçinin ölkədə yaşayan digər millətlərin də nümayəndələri təmsil olunmuşdu ki, bu da multikulturalizmə, ədalətə və bərabərliyə əsaslanan bir idarəetmənin göstəricisidir. Hökumət isə parlament qarşısında məsuliyyət daşıyırdı və onun qəbul etdiyi qərarlara əsasən fəaliyyət göstərirdi.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə beynəlxalq səviyyədə tanınmağa da nail oldu. Məhz Paris Sülh Konfransında onun müstəqilliyi tanındı və bir çox ölkələrlə diplomatik əlaqələr quruldu. AXC dövründə məhkəmə sistemi müstəqilləşdirildi, müasir ədliyyə prinsipləri tətbiq olundu, təhsil və mədəniyyət sahələrində ciddi islahatlar aparıldı. Bu cümhuriyyət qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi də tarixə öz adını yazdırdı.
Təəssüf ki, bu misilsiz dövlət 1920-ci il aprelin 28-də RSFSR tərəfindən hərbi müdaxilə nəticəsində süqut etdi. Lakin AXC-nin qurduğu ideyalar və hüquqi-siyasi irs sonrakı nəsillər üçün bir örnək oldu. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa edərkən məhz AXC-nin təməl prinsiplərinə söykəndi.
Azərbaycan Xalq Cümhuriyyəti yalnız bir dövlət qurumu deyil, o, eyni zamanda xalqın azadlıq arzularının, hüquqi və demokratik dəyərlərə sadiqliyinin bir təcəssümüdür. O, sübut etdi ki, Şərq xalqları da hüquqi, dünyəvi və demokratik idarəetmə modelini uğurla qura və tətbiq edə bilərlər. AXC-nin irsi bu günümüz üçün dəyərli miras, gələcəyimiz üçün isə ilham mənbəyidir.

Rəvanə Kərimova,
Nəsimi Rayon Gənci.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025