Mobil versiya
Səttar Möhbalıyev: "Müstəqilliyin bərpası Azərbaycan dövlətçiliyinin əbədi qalasıdır"
Tarix: 17-10-2025 | Saat: 19:58
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Səttar Möhbalıyev: "Müstəqilliyin bərpası Azərbaycan dövlətçiliyinin əbədi qalasıdır"

1991-ci ilin oktyabrında Azərbaycanın Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Bu tarixi qərar xalqımızın gələcək taleyində dönüş nöqtəsi olsa da, əsl müstəqillik Azərbaycan xalqı üçün 1993-cü ildə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə tam gerçəkləşdi. Ümummilli Liderin yorulmaz siyasi fəaliyyəti, yüksək idarəçilik bacarığı və Vətənə sonsuz sevgisi Azərbaycanın müstəqilliyini dönməz etdi, ölkəni xaosdan və iqtisadi-siyasi böhrandan xilas etdi. Ulu Öndərin nəhəng dövlət quruculuğu işləri Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, iqtisadi müstəqilliyi təmin etdi və xalqımızın tarixi taleyini əbədi qorudu. “Əsrin kontraktı” kimi strateji layihələr Azərbaycanı regionda və dünyada etibarlı və güclü dövlət kimi tanıtdı. Bu möhkəm təməl üzərində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm daxili inkişafda, həm də beynəlxalq münasibətlərdə əhəmiyyətli uğurlar qazandı, işğaldan azad olunmuş torpaqlara həyat qayıtdı, Böyük Qayıdış Proqramı icra edildi və ərazi bütövlüyümüz tam bərpa edildi.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü, yalnız bir tarix deyil, eyni zamanda Azərbaycanın əbədi və dönməz dövlətçilik gücünün, xalqın qətiyyətli iradəsinin və milli qürurunun simvoludur. Bu gün, Azərbaycan xalqının öz müstəqilliyinə, liderinə və dövlətinə inamını bir daha dünyaya nümayiş etdirdiyi gün kimi yaddaşlarda əbədi qalacaq. Azərbaycan xalqı üçün müstəqillik heç vaxt sadəcə bir hüquqi status və ya rəsmi sənəd deyildi. Bu, həm də xalqın taleyinə sahib çıxmaq, dövlətin dönməzliyini təmin etmək, gələcək nəsillərə qürurla ötürüləcək əbədi bir sərvət idi. Hər bir tarixi addım, hər bir qərar, hər bir dövlətçilik təşəbbüsü məhz bu məqsədə xidmət edirdi. Müstəqilliyin ilk illəri xalq üçün ağır sınaqlar dövrü oldu. Dövlət quruculuğunda qarşıya çıxan çətinliklər, iqtisadi böhran və siyasi xaos Azərbaycan xalqının iradəsini sınadı. Lakin xalq qətiyyət göstərdi və taleyinə sahib çıxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və Vətənə sonsuz sevgisi Azərbaycan dövlətçiliyini möhkəmləndirdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı aradan qaldırdı, iqtisadi və siyasi stabilliyi təmin etdi, cəmiyyətdə psixoloji və mənəvi gərginliyi azaldaraq xalqın inamını bərpa etdi. Onun rəhbərliyi ilə Azərbaycan müstəqil, səsi dünya səhnəsində eşidilən və regional siyasətə təsir göstərə bilən bir dövlətə çevrildi. Əsl müstəqillik sərvətlər üzərində tam hakimiyyət deməkdir. Bu baxımdan, 1994-cü ilin 20 sentyabrında “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın müstəqilliyini praktik olaraq təsdiqlədi. Dövlətin enerji resursları üzərində suverenliyi, beynəlxalq aləmdə tanınmış şirkətlərlə əməkdaşlıq və regionda strateji mövqeyin güclənməsi Azərbaycan üçün yeni siyasi və iqtisadi imkanlar yaratdı. Müstəqilliyin qorunması və möhkəmləndirilməsi üzrə Ulu Öndərin strateji kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlətimizin başçısı siyasi, iqtisadi, sosial və hərbi sahələrdə Azərbaycanın sürətli tərəqqisini təmin edərək ölkəni regionun güclü və nüfuzlu dövlətinə çevirdi. Azərbaycan bugün yalnız bölgədə deyil, beynəlxalq səviyyədə də strateji və iqtisadi gücü ilə diqqət çəkir. Ulu Öndərin arzusu – işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyünün bərpası – cənab Prezident İlham Əliyev tərəfindən reallaşdırıldı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğalçı qüvvələri torpaqlarımızdan çıxardı, ərazi bütövlüyümüzü bərpa etdi və Şuşa şəhərinin azadlığı ilə Zəfər Gününü tarixə yazdı. 9–10 noyabr tarixli Üçtərəfli Bəyanat Azərbaycan dövlətinin hərbi, siyasi və diplomatik qələbəsini rəsmiləşdirdi. Azad edilmiş ərazilərdə isə həyat yenidən bərpa olunur. Dövlətimizin göstərişi ilə Böyük Qayıdış Proqramı çərçivəsində infrastruktur obyektləri, məktəblər və yaşayış kompleksləri inşa edilir. Bu tədbirlər xalqın həyat səviyyəsini yüksəltmək və sabahını firavan etmək məqsədini daşıyır. Azərbaycanın suverenliyi tam təmin olunub və üçrəngli bayrağımız bütün şəhər və rayonlarımızda dalğalanır. Dövlətimizin gücü, iqtisadi və hərbi potensialı, xalqın birliyi və Liderimizin uzaqgörən siyasəti Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının qətiyyətinin, dövlətçiliyimizin gücünün və liderliyimizin əbədiliyinin simvoludur. Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin davamçısı cənab Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini qorumaqla tarixi bir missiyanı uğurla tamamladı. Azərbaycan xalqı sübut etdi ki, öz dövlətinə inanan millət heç vaxt məğlub ola bilməz-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2025